Apr 27 2021 15:07
Elshad Aliyev
Views: 130

“Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev aprelin 26-da Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsinin təməlqoyma mərasimində xarici şirkət nümayəndələri ilə videoformatda söhbətində bildirib.

Prezident deyib ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur: “Bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik”.


Create Account



Log In Your Account