Jan 25 2017 14:32
Ulviyye Sabirqizi
Views: 3641

2016-cı il üzrə Azərbaycan dövlət büdcəsinin mədaxili 17501,2 mln. manat, xərcləri 17742,4 mln. manat olub.

Bu barədə CBC-yə Maliyyə Nazirliyindən məlumat verilib.

2016-cı il üzrə dövlət büdcəsinin mədaxili 16822,0 mln. manat proqnoza qarşı 17501,2 mln. manat və ya 104,0 faiz icra olunub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 7015,2 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 77,1 faizi və ya 5408,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilə nisbətən 379,8 mln. manat və ya 7,6 faiz çoxdur.

2016-cı il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 126,6 faiz əməl edərək dövlət büdcəsinə 2291,6 mln. manat vəsait təmin edilib ki, bu da 2015-ci illə müqayisədə 699,7 mln. manat və ya 44,0 faiz çoxdur.

2016-cı ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 239,1 mln. manat, maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən 130,9 mln. manat, verilmiş kreditlərin qaytarılması və dövlət zəmanətləri üzrə 68,8 mln. manat, o cümlədən xarici kreditlər üzrə 54,2 mln. manat, cərimə və sanksiyaların tətbiqindən 40,4 mln. manat, sair daxilolmalardan 92,2 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7615,0 mln. manat vəsait transfert edilib ki, bu da 2015-ci illə müqayisədə 515,0 mln. manat və 6,3 faiz azdır.

2016-cı ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7398,1 mln. manat icra olunub.

2016-cı ildə dövlət büdcəsinin xərcləri 95,9 faiz və ya 17742,4 mln. manat icra edilib.

2016-cı ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7120,2 mln. manat icra olunub.

2016-cı il ərzində dövlət büdcəsi xərclərinin 11693,0 mln. manatı və ya 65,9 faizi cari xərclərə, 4283,9 mln. manatı və ya 24,1 faizi əsaslı xərclərə, 1765,5 mln. manatı və ya 10,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 35,2 faizi və ya 6237,4 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 571,5 mln. manat və ya 10,1 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri 242,1 mln. manat təşkil edib.

 


Create Account



Log In Your Account