May 26 2021 17:00
Elshad Aliyev
Views: 128

Mayın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Dövlətçiliyi qoruyan dəyərlər: demokratik ənənələr və milli birlik” mövzusunda videokonfrans keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova, AQUPDK-nın sədri Bahar Muradova, Milli Məclisin deputatları və siyasi partiyaların nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQUPDK-nın sədri Bahar Muradova 103-cü ildönümünü qeyd edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və babalarımızın bizə miras qoyduğu müstəqillik və dövlətçilik ənənələrindən danışıb. Bildirib ki, hər bir dövlətin əsasında milli ideologiya dayanır. Azərbaycan müstəqilliyi yolunda çox böyük çətinliklərlə qarşılaşıb və onların öhdəsindən gəlməyi bacarıb. Azərbaycan xalqı ümummilli mənafeləri birləşdirməklə möhkəm dövlət qurmağa nail olub.

“1990-cı illərdə formalaşan milli məfkurəmiz sonrakı illərdə daha da möhkəmləndi. Müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin xilaskarlıq missiyası sayəsində ölkəmiz inkişaf etdi və dünyada nüfuzu artdı”, - söyləyən Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkib. 44 günlük Vətən müharibəsi xalqımızın tarixinə şanlı səhifə kimi yazılıb. Bu çətin dövrdə ölkəmizdə yaşayan müxtəlif xalqlar və millətlər Qarabağ uğrunda döyüşüblər. Vətən müharibəsində hamı bir olub, xalq-iqtidar birliyi daha da möhkəmlənib, siyasi partiyalar birlik nümayiş etdiriblər. Azərbaycanı müharibədə qalib edən babalarımızdan miras qalan zəngin dövlətçilik ənənələri, azərbaycançılıq məfkurəsi və həmrəyliyimizdir. Bu gün hər bir azərbaycanlının qəlbi qürur hissi ilə döyünür. Azərbaycan Vətən müharibəsindəki Qələbəsi ilə bütün dünyaya sübut etdi ki, heç bir qüvvə onun əzmini sındıra bilməz. Vətən müharibəsi dövründə Azərbaycan xalqı monolit birlik və güc nümayiş etdirdi.

Komitə sədri vurğulayıb ki, qlobal hadisələr millətlərin və xalqların qarşısında müəyyən vəzifələr qoyur. Ölkənin ictimai-siyasi qüvvələri gördülər ki, biz birlikdə güclüyük. Çünki təhlükə həmişə var və ermənilər revanşist fikirlər səsləndirirlər, bəzi ölkələr isə onlara dəstək nümayiş etdirilər. Belə qüvvələrin və təsirlərin qarşısını almaq üçün birlik mühüm şərtdir.

Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın müstəqillik yolunda əldə etdiyi uğurlardan danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bir əsrdə iki dəfə müstəqillik əldə etdiyini xatırladan YAP-ın sədr müavini deyib: “Ölkəmiz çoxəsrlik dövlətçilik ənənələrinə malikdir. 28 May ölkəmizdə Respublika Günü kimi qeyd edilir. Bu tarixin dövlətçilik tariximizdə müstəsna yeri var. Azərbaycan dövlətçiliyinin mütərəqqi demokratik ənənələr vardır. Ölkəmizdə bütün millətlər və xalqlar dinc və yanaşı yaşayırlar.

Azərbaycan dövlətçiliyin əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçiliyimizin inkişafıdır. Ümummilli Liderin bütün sahələrdə olduğu kimi, hərb sahəsində də gördüyü işlərin, apardığı islahatların bugünkü Azərbaycan üçün əhəmiyyəti böyük idi. C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması ölkədə hərbi kadrların yetişməsində böyük rol oynadı. 31 Dekabr - Azərbaycanlıların Həmrəyliyi Gününün qeyd olunması məhz Heydər Əliyevin xidmətinin nəticəsidir”.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, Ulu Öndər Azərbaycan xalqının xilaskarı kimi 1990-1993-cü illərdə çox böyük iş görüb. Həmin illərdə müstəqilliyimiz təhlükə altında idi. Xalqın təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Azərbaycanı məhv olmaqdan xilas edib. Ölkənin siyasi flaqmanı olan Yeni Azərbaycan Partiyasının yaradılması da məhz onun təşəbbüsüdür. Tahir Budaqov Ulu Öndərin Azərbaycan üçün gördüyü digər mühüm işlərdən, layihələrdən danışaraq, Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ölkəmizin inkişafında əhəmiyyətli rol oynayan neft, qaz və enerji layihələrinin həyata keçirilməsindən danışan YAP Sədrinin müavini Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında Azərbaycan mədəniyyətinin dünyada təbliği, mədəni və tarixi abidələrin qorunması və mühafizəsi, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görülüb.

Qeyd edilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla özünü bir daha təsdiqlədi. Postmüharibə dövründə regionda əməkdaşlıq, kommunikasiyaların açılması, Qarabağda quruculuq işlərinin aparılması mühüm vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə işlər davam etdirilir. Bu gün Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Milli-mənəvi dəyərlərimizi, dövlətçiliyimizi qorumaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur”, - deyə T.Budaqov vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev 2018-ci ildə təkrar prezident seçildikdən sonra ölkəmizdə islahatlar dövrü başladı. Bu islahatlardan biri də siyasi müstəvidə yeni konfiqurasiyanın yaradılması idi. Azərbaycan Prezidenti Administrasiyasında siyasi partiyalarla əlaqələrin qurulması, münasibətlər sisteminin yaradılması işi aparıldı. Məqsəd siyasi partiyalarla əməkdaşlıq, həmrəyliyin yaradılması idi. Hazırda ölkəmizdə siyasi partiyalarla əməkdaşlıq şəffaf şəraitdə həyata keçirilir. Siyasi qüvvələr arasında dialoqun və münasibətlərin formalaşması Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində özünü büruzə verdi.

S.Salmanova vurğulayıb ki, dövlətin siyasi kursuna uyğun olaraq yaranan milli birliyi daha da möhkəmləndirmək əsas məqsədlərdən biridir. Qarşıda duran əsas məsələ ölkədəki siyasi sabitliyi qoruyub saxlamaqdır.

Görüş digər çıxışlarla davam edib.

 


Create Account



Log In Your Account