Apr 16 2020 12:34
Elshad Aliyev
Views: 72

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində müşavirə keçirildi. Ölkəmizdə belə hesabat xarakterli rüblük, yarımillik və illik müşavirələr ənənə halını alsa da, dünyanın və ölkəmizin qlobal təhlükə ilə mübarizə apardığı bir zamanda bu müşavirənin keçirilməsinin xüsusi əhəmiyyəti vardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat diqqətə çatdırıb ki, müşavirə bir tərəfdən hesabat xarakteri daşıdığı halda, digər tərəfdən növbəti dövr üçün “Yol xəritəsi”ni xarakterizə edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müşavirədə verdiyi tövsiyələr yalnız hökumət üzvlərinə, icra strukturlarının nümayəndələrinə deyil, həm də bütövlükdə ictimaiyyətə yönəlmişdi. Vətəndaşlarının mənafeyini düşünən və onların sağlamlığının qayğısına qalan dövlətimizin başçısı öz çıxışında pandemiya dövründə xalqımızı səfərbərliyə, milli birliyimizi və həmrəyliyimizi qorumağa çağırdı. Prezident bu çətin dönəmdə kimliyindən, tutduğu vəzifədən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsi dövlətçiliyimizin, müstəqilliyimizin və həmrəyliyimizin qorunması üçün daha məsuliyyətli olmağa səslədi.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə son iki ildə ölkədə görülən işlərdən bəhs edən M.İbrahimqızı deyib: “Hazırda dünyada yaranmış mənzərə fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təkcə son iki ildə görülən işlərə nəzər saldıqda görürük ki, necə böyük irəliləyiş baş verib. Bu irəliləyiş bütün sahələri - məhkəmə-hüquq sistemini, iqtisadi, siyasi, sosial və kadr sahələrini əhatə edir. İdarəetmə mexanizminin daha da təkmilləşdirilməsi, korrupsiyaya qarşı uğurlu mübarizə, idarəçilikdə gəncləşmə siyasəti, qanunverici hakimiyyətdə köklü müsbət dəyişiliklər özünü doğruldur. Dövlət siyasətinin yeni konfiqurasiyasının yaradılması, iqtidar-müxalifət dialoqunun uğurla aparılmasına nəzər salsaq, bu siyasətin nə qədər müdrik və uzaqgörən olduğunu görürük”.

Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi məqsədilə qeyri neft-sektorunun inkişafına xüsusi diqqət ayırır. Bu sahədə bir sıra işlərin görüldüyünü deyən M.İbrahimqızı bildirib ki, hazırkı vəziyyətdə dövlətimizin ən əsas məqsədi xalqın sağlamlığıdır. Əminliklə vurğulanıb ki, ölkə rəhbəri vətəndaşların sağlamlığının qayğısına qalmaqla bərabər, iqtisadi və maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin koronavirusun mənfi təsirindən maksimum dərəcədə qorunması məqsədilə bütün imkanlardan istifadə edir və postkoronavirus dönəmində də bu siyasət davam etdiriləcək.

Koronavirusun dünyanın inkişaf etmiş ölkələrini iflic vəziyyətinə salmasından danışan M.İbrahimqızı diqqətə çatdırıb ki, sərhəd tanımayan pandemiya planetin bütün ölkələrinə yayılıb və çox ciddi fəlakətlərə səbəb olub. Azərbaycanda bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlər vaxtında görülüb. Məhz bunun nəticəsidir ki, ölkəmizdə vəziyyət nəzarət altındadır. Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlər gördü və məhz bunun nəticəsidir ki, ölkəmiz pandemiyadan o qədər də zərər görməyib.

Deputat qeyd edib ki, bəlkə də ölkəmizdə önləyici tədbirlər çox öncədən görülməsəydi, Azərbaycanda itki dəfələrlə çox olardı. Amma sözsüz ki, bu, dövlətimizin başçısının uzaqgörənliyinin və qəbul etdiyi qərarların doğruluğunun nəticəsidir. Bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyətin ciddi nəzarətdə saxlanılması, bu xəstəliklə mübarizə tədbirlərinə görə respublikamızın dünyanın ən nümunəvi ölkələri arasında olması göstərir ki, ölkəmiz bu təhlükədən minimum itki ilə çıxacaqdır. Baxmayaraq ki, bu pandemiya hələ özünün “çiçəklənmə” dövrünü yaşayır, artıq hətta bir çox inkişaf etmiş dövlətlər dərin iqtisadi böhran içindədirlər və borc üçün beynəlxalq maliyyə-valyuta təşkilatlarına, eləcə də Dünya Bankına müraciət ediblər. Qürurverici haldır ki, ölkəmizin adı bu siyahıda yoxdur. Prezident İlham Əliyev müşavirədəki nitqində diqqətə çatdırdı ki, bunlar bizə arxayınlaşmağa imkan verməməlidir. Yeni dönəmdə, yəni, postpandemiya dövrünün tələblərinə və çağırışlarına cavab vermək üçün yeni yollar axtarıb tapmaq lazım gəlir.

M.İbrahimqızı təcavüzkar Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarında keçirdiyi qondarma “seçkilər”dən də danışıb. Təəssüflə bildirib ki, koronavirus pandemiyası dünyanı və ölkələri müharibə vəziyyətinə saldığı bir dövrdə dövlətlər və xalqlar arasında daha sıx əməkdaşlığa, təcrübə mübadiləsinə ehtiyac duyulduğu bir vaxtda işğalçı Ermənistan martın 31-də Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər” keçirməklə bir daha beynəlxalq hüquq normalarını pozdu. Qondarma “seçkilərə” başqa vaxt ədalət timsalında çıxış edən AŞPA-nın susması hiddət doğurur.

Diqqətə çatdırıb ki, tarixi şərəfsizliyi özlərinin həyat kredosu hesab edən “5-ci kolon”un nümayəndələri ermənipərəst qüvvələrdən heç də fərqlənmirlər. Bildirib ki, həmin qüvvələr çirkin əməllərinə görə cəzalanmalı, qanun qarşısında cavab verməlidirlər.

M.İbrahimqızı, həmçinin deyib: “Ölkəmizin xoş gələcəyi, dövlət müstəqilliyimizin daha da güclənməsi naminə cəmiyyətin bütün təbəqələri arasında birliyə və həmrəyliyə çox böyük ehtiyac var. Gəlin, milli maraqlarımız naminə güclü olmaq, eləcə də dünya birliyində müstəqil dövlətin ləyaqətli vətəndaşı kimi təmsil olunmaq üçün məsuliyyətimizi dərk edək və üzərimizə düşən vəzifəni yerinə yetirək.


Create Account



Log In Your Account