Mar 26 2020 14:35
Elshad Aliyev
Views: 80

Prezident   İlham   Əliyevin   sərəncamı   ilə   koronavirus   (COVID-19)   pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi məqsədilə İşçi Qrup yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi İşçi Qrupun qarşısında qoyulmuş vəzifələrdən   biri   də   yaranmış   vəziyyətin   yaxın   və   orta  müddətlərdə   ölkənin   biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanmasıdır.

Bu   istiqamətdə   ictimaiyyətin   rəy   və   təkliflərinin   də   araşdırılması   dövlətin marağındadır.   İqtisadçı   ekspert   Mehdi   Babayev   “vergiler.az”a   yaranmış   vəziyyətdə zərər görən   müəssisələrə   dövlətin   dəstəyinin   zəruriliyini   vurğulayıb:   “Mən   əsas   iki məsələyə   diqqət   çəkmək   istəyirəm.   Birincisi,   sahibkarlara   dəymiş   zərərin   müəyyən edilməsində  hər   iki   tərəfin   –   həm   müvafiq   dövlət   qurumu   əməkdaşlarının,   həm  də sahibkarların bu məsələyə şəffaf yanaşmalarıdır. İkincisi isə dəymiş zərərin müəyyən edilməsi   formasıdır.   Əvvəla,   biz   "zərər"   anlayışına   xüsusi   diqqət   yetirməliyik. “Müəssisənin   üzləşdiyi   zərər”   dedikdə   nəyi   başa   düşürük?   Sahibkarın   üzləşdiyi zərərlərə görə şəffaf formada müraciəti vacib amildir”.

CBC xəbər verir ki. M.Babayevin   fikrincə,   dövlət   tərəfindən   sahibkarlara   dəstək   göstərilməsində müəssisələrin zərərinin necə müəyyənləşdirilməsi ilə bağlı məsələ önəmlidir: “Ola bilər ki,   müəssisə   fəaliyyətini   məhdudlaşdırdıqdan   sonra   əldə   etdiyi   mənfəət   kəskin azalmışdır, lakin zərərlə nəticələnməmişdir, yəni xərcləri gəlirlərindən çox olmamışdır. Yaxud müəssisənin  kifayət  qədər debitor alacaqları  vardır, lakin  debitor alacaqlarını vaxtında   yığmadığına   görə   hazırda   kreditor   borclarını   ödəyə   bilmir.   Digər   tərəfdən əsassız,   riskli   müqavilələr   çərçivəsində   xərclər,   kreditor   öhdəlikləri   artmışdır.   Əgər şəffaflıqdan   söhbət   gedirsə,   müraciət   edən   müəssisələrdə   kütləvi   olaraq   əmək müqavilələrinə xitam verilməsi, əməkhaqqının az göstərilməsi və ya işçilərin ödənişsiz məzuniyyətə   buraxılması   halları   baş   vermişdirsə,   belə   müəssisələrin   zərərlə   bağlı təminat istəməsi ədalətli sayıla bilməz”.

M.Babayev bildirib ki, müəssisələr adətən, mütləq sabit xərclərə görə zərər çəkir: fəaliyyətinin   olub-olmamasından   asılı   olmayaraq   müəssisə   bu   xərcləri   çəkmək məcburiyyətindədir. Buna aylıq əməkhaqqı və onunla bağlı digər sosial ödənişlər, icarə haqları, kreditlər və onların faizləri, lizinq ödənişləri, aktivlərin saxlanılması xərclərini misal   göstərmək   olar.   “Bunlar   sabit   xərclərdir,   onların   ödənilməsi   mütləqdir.   Əgər sahibkar fəaliyyət göstərmirsə, gəlir əldə etmirsə, bu xərcləri də ödəyə bilməyəcəkdir. İlk növbədə, belə xərclərin, yəni zərərin əvəzinin ödənilməsinə dəstək verilməlidir”.

M.Babayev xərclərin hesablanmasında mühüm məqama diqqət çəkərək bildirib ki, həmin   xərclərin   özü   də   şəffaf   təqdim   edilməli,   şişirtmələrə   yol   verilməməlidir. Hesabatlarda rəqəmlər dürüst təqdim edilməlidir: “Müəssisənin zərərinin hesablanması üçün sonuncu rübün və ya ayın hesabatları əsas götürülsə də, həmin bəyannamələr və hesabatlarda   əks   etdirilən   göstəricilərlə   yanaşı,   əvvəlki   dövrün   göstəriciləri   də müqayisəli şəkildə yoxlanılmalıdır ki, bu vəziyyətdən sui-istifadənin, başqa sözlə, son hesabatlarda   şişirdilmiş   rəqəmlər   təqdim   etməklə   göstərilən   dəstəkdən   daha   çox yararlanmaq  üçün xərclərin   artırılmasının  qarşısı alınsın.  Bunun üçün   müəssisələrin əvvəlki   dövrlərdəki   fəaliyyəti   və   maliyyə   göstəriciləri   təhlil   edilərək   müqayisə aparılmalıdır. Bununla da dövlətin dəstəyi daha çox şəffaf işləyən müəssisələrə şamil olunmalıdır”.

Qeyd edək ki, koronovirus pandemiyasının yayılmasını önləmək məqsədilə Nazirlər Kabineti   tərəfindən   bir   sıra   obyektlərdə,   müəssisələrdə   işlərin   müvəqqəti dayandırılması, bu zaman işçilərin işdən çıxarılmaması və ya ödənişsiz məzuniyyətə göndərilməməsi tövsiyə edilib. M.Babayev bu tövsiyələrə əməl etməyən sahibkarlara dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Onun fikrincə, ilk   növbədə,   işçiləri   işdən   azad   etməyən,   onların   əməkhaqqını   kəsməyən,   dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir.


Create Account



Log In Your Account