Mar 17 2021 10:42
Elshad Aliyev
Views: 120

Vətən müharibəsinə könüllü yollanan qəhrəmanlarımızdan biri də Səxavət İsmayılovdur. O, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı hər şeydən üstün tutdu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səxavət 1997-ci il avqustun 19-da Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Atası birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Səxavət də böyüyəndə hərbçi olmağı arzulayırdı. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən qəhrəmanımız hər zaman həmyaşıdlarından fərqlənib. Atası Sabir kişi ilə hər söhbətində düşmənə qarşı nifrəti daha da artıb, torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb.

Şəhidin atası Sabir İsmayılov deyir ki, həqiqi hərbi xidmətini Naxçıvan Muxtr Respublikasında yerinə yetirən Səxavət nizamlı və xidmətinə görə fəxri fərmanla təltif edilib. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq xidmətçi kimi fəaliyyətini davam etdirmək istəsə də, bu arzusu reallaşmayıb. Daha sonra mülki işdə çalışmağa başlayan Səxavət Tovuz döyüşlərində könüllü olaraq Səfərbərlik Xidmətində qeydiyyata alınmaq üçün müraciət edib. Vətən müharibəsi ərəfəsində isə Səxavətə gələn çağırış sanki onun ən böyük arzusunun gerçəkləşməsi idi.

“Səxavətlə telefonda danışdıq, o, Bakıda öz işində olsa da, çağırış gəldiyini eşidən kimi təcili kəndə qayıtdı. Deyib-gülərək döyüşə yollandı. Səxavətin ilk döyüş yolu Füzuli istiqamətində başladı. Bir neçə postun zad edilməsində şücaəti ilə seçilib. Növbəti tapşırıqlar isə Cəbrayıl istiqamətində idi. Ağır döyüşlərin birində, oktyabrın 7-də şəhidlik zirvəsinə ucaldı”, - deyə Sabir kişi bildirib.

Şəhid atası deyir ki, övlad itkisi ağır olsa da, oğlunun torpaqlarımızın azadlığı uğrunda şəhidlik zivəsinə yüksəlməsi qürurvericidir. Vətənimiz bu gün Səxavət kimi qəhrəmanlarımızın sayəsində azaddır.

Əmisi Habil İsmayılovun sözlərinə görə, Səxavət şəhid Mübariz İbrahimovu özünə ideal seçmişdi: “Hətta geyindiyi paltarların bir çoxunun üzərində şəhid Mübarizin rəsmi əks olunardı. “Mübariz kimi olacağam” deyirdi və arzusuna da çatdı. O, son damla qanınan qədər döyüşdü, yoldaşlarından birinin həyatını qurtardı, ikinci yaralını xilas etməyə çalışarkən şəhid oldu”.

Şəhidin dayısı Tacəddin Sadıqov da Səxavətlə qürur duyur. Bildirir ki, Səxavətin ən böyük arzularından biri Şuşaya getmək, orada bayrağımızı dalğalandırmaq idi. Elə bu məqsədlə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü yollandı. Vətən müharibəsinə gedəcəyini biləndə öz avtomobilini bayrağa bürüyüb evə gəlmişdi. Hətta sonuncu dəfə şəkil çəkdirədə “bu şəkli saxlayın” demişdi, sanki şəhid olacağını hiss etmişdi. Onun ən böyük arzusu Vətənini düşməndən azad etmək və lazım olarsa, bu yolda canından belə keçmək idi. Səxavət öz arzusuna çatdı.

Qeyd edək ki, Səxavət İsmayılov Vətən müharibəsinə yollanmazdan öncə özünü video ilə çəkərək, “Məkanın cənnət olsun” deyə musiqi zümzümə edib və həmin videonu da xatirə kimi saxlayıb.

Döyüşlərdə göstərdiyi şücaətə görə İsmayılov Səxavət Sabir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.


Create Account



Log In Your Account