Apr 03 2020 15:42
Elshad Aliyev
Views: 185

Azərbaycan iqtisadiyyatı 2020-ci ilin yanvar və fevral aylarında yüksək sürətlə inkişaf edib. Belə ki, ilin ilk iki ayında ölkəmizdə ümumi daxili məhsul, xüsusilə də qeyri-neft sektoru, qeyri-neft sənayesi və əhalinin gəlirləri yüksək dərəcədə artıb. Bütün dünyanı bürüyən koronavirus pandemiyasının iqtisadi fəsadlarını minimuma endirmək üçün respublikamızda dövlət tərəfindən vaxtında və təxirəsalınmaz çox ciddi və ardıcıl tədbirlər həyata keçirilib və keçirilməkdədir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının dosenti, ekspert Yusif Zeynalov deyib.

O qeyd edib ki, epidemiya şəraitində Azərbaycan iqtisadiyyatına dəyən zərərin ödənilməsi və aradan qaldırılması üçün 4 işçi qrup yaradılıb. Burada 10 istiqamət var. Bu istiqamətlər ölkə iqtisadiyyatının ən mühüm və aparıcı 20 sahəsini əhatə edəcək. Azərbaycan dövləti iqtisadiyyata və ölkə sahibkarlarına dəyən zərəri öz üzərinə götürüb.

Qeyd etməliyik ki, dövlət dəstəyi ilə ölkədə fəaliyyət göstərən 292 min fiziki şəxsə və sahibkara yardımlar nəzərdə tutulub. Bu müəssisələrdə 57 mindən çox insan çalışır. Həmin insanların aylıq əməkhaqları ödəniləcək və iş yerləri saxlanılacaq. Dövlət tərəfindən hüquqi və fiziki şəxslərə öz iqtisadi vəziyyətlərini qorumaq üçün vergi güzəştləri ediləcək və vergi ödəmələrinin vaxtı uzadılacaq. Respublikamızdakı kiçik və orta sahibkarlara dövlət tərəfindən 500 milyon manat həcmində və 15 faizdən artıq olmamaq şərti ilə kreditlər veriləcək. Dövlət veriləcək 500 milyon manat kreditin 60 faizinin zəmanətini öz üzərinə götürüb. Bu kreditlərin banklara ödəniləcək faizlərinin də yarısını dövlət ödəyəcək, yəni, alınan kreditə görə sahibkarlar cəmi 7-8 faiz ödəyəcəklər.

Yusif Zeynalov qeyd edib ki, bundan başqa, dövlət tərəfindən ölkə əhalisinin sosial müdafiəsini dəstəkləmək üçün də paket hazırlanır və aztəminatlı ailələrə də xüsusi yardımlar göstəriləcək. Belə ki, ölkədə aztəminatlı əhaliyə kommunal xərclərin ödənilməsində elektrik enerjisindən istifadəyə görə də yardımlar və güzəştlər ediləcək. Respublikada qəbul edilmiş bu iki proqramın ümumi dəyəri 2,5 milyard manatdır. Dövlət tərəfindən qəbul olunmuş bir çox mühüm proqramlar və vaxtında həyata keçirilən tədbirlər dünya dövlətlərinin çox az hissəsində həyata keçirilib. Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi, dövlət öz üzərinə və öhdəsinə düşən bütün tədbirləri qəbul edibdir və bu halda ölkədə fəaliyyət göstərən sahibkarlardan qanun və qaydalara ciddi əməl etmək, şəffaf fəaliyyət göstərmək və kölgə iqtisadiyyatından çıxmaq tələb olunur.

Azərbaycan iqtisadiyyatı dövlətin həyata keçirdiyi təxirəsalınmaz ciddi və ardıcıl tədbirlər nəticəsində yaxın zamanlarda yenidən sürətlə və davamlı inkişaf edəcək.


Create Account



Log In Your Account