Aug 10 2018 11:52
Ferah Sabirqizi
Views: 83

Qazaxıstanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci sammitinə sayılı günlər qalır.

Avqustun 12-də Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri görüşəcək.  Prezidentlər sammitin əsas sənədi – Xəzərin hüquqi statusu haqqında konvensiyanı müzakirə edib imzalamaq üçün görüşəcəklər. 20 il ərzində hazırlanan bu sənəd dəniz sularının sərhədləri, hərbi əməkdaşlıq, Xəzərin dibindəki bioloji resursların mənimsənilməsi və digər məsələlərlə bağlı müzakirələrə son qoyacaq.

BMT-nin qlobal energetika məsələləri üzrə baş ekspert Toğrul Bağırov bu görüşü  tarixi hadisə kimi qiymətləndirir: “Bu görüş Xəzəryanı ölkələr, həmçinin Azərbaycan üçün də əlamətdar hadisədir. Uzun müddətdir müzakirə olan bu sənəd - Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandıqdan sonra bir çox layihələr reallaşa biləcək. Fikrimcə, bundan sonra geniş miqyaslı və məhsuldar bir əməkdaşlığa start veriləcək».

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “Kommersant” qəzetinə müsahibəsində deyib ki, konvensiyaya görə Xəzər nə dəniz, nə də göl kimi qəbul olunacaq. Xəzərin xüsusi hüquqi statusu olacaq. Buna səbəb Xəzərin spesifik coğrafi, hidroloji və digər xüsusiyyətlərlə malik olmasıdır. Ekspertlərin fikrincə, konvensiyanın imzalanması bir sıra layihələrin icrasına təkan vermiş olacaq. Çünki Konvensiyada kəmərlərin çəkilməsinin mümkünlüyünə dair bənd var. Yəni, burda söhbət qaz, neft və digər kəmərlərdən gedir. Amma bu yalnız və yalnız ətraf mühitin qorunması üçün bütün tədbirlərin görülməsi şəraitində mümkündür. Bu baxımdan, Konvensiyanın imzalanmasını hardasa transxəzər neft və qaz kəmərlərinin tikintisi ilə bağlı ciddi danışıqların başlanması kimi də qiymətləndirmək olar.

Rusiyalı politoloq Pavel Klaçkov bildirir ki, beşinci sammit sanki uzun illər görülən işlərin yekunudur. Yeni konsepsiya bütün regionun təhlükəsiz, stabil qaydada inkişafını təmin etməlidir: “Məsələn, Xəzərin dibi ilə kəmər borularının çəkilməsi kimi mürəkkəb bir məsələ var. Burada bütün ekoloji standartlar nəzərə alınmalıdır. Təhlükə yaratmaq, dənizi çirkləndirmək olmaz. Ona görə də Xəzər dənizinin hüququ statusunun tənzimlənməsi bu hovuzun nəqliyyat potensialının inkişafına da impuls vermiş olacaq».

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə danışıqlar 1994-cü ildə başlayıb. 1996-cı ilin noyabrında Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlaması üzrə işçi qrup yaradılıb. İşçi Qrupda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri təmsil olunub.

 


Create Account



Log In Your Account