May 05 2020 14:08
Elshad Aliyev
Views: 63

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Dövlətimizin başçısı Zirvə görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə öz minnətdarlığını bildirərək qeyd etdi ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

O deyib: “2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşünün keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı və bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. Göstərilən böyük inam və etimada görə bir daha minnətdarlığını bildirən dövlət başçısı diqqətə çatdırdı ki, 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

Bununla yanaşı, Prezident İlham Əliyev bildirdi ki, sədrliyi öz üzərinə götürərkən Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan etmiş, həmçinin Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır.

Koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini, nəticədə yeni reallıqların meydana çıxdığını və Azərbaycanın yeni vəziyyətə çevik, eləcə də adekvat reaksiya verdiyini qeyd edən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu təsdiq edir. COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə bu pandemiyaya qalib gələ bilərik.

Bununla yanaşı, dövlətimizin başçısı BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini qeyd etdi.

Prezident İlham Əliyev pandemiyanın ilk günlərindən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda olduğunu və təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyətin müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olduqlarına və Zirvə görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Qebreyesusa təşəkkürünü bildirdi. Eyni zamanda, dövlət başçısı qeyd etdi ki, bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən, həmçinin sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının aprelin 10-da COVID-19-a qarşı 2-ci Zirvə görüşüdür.

Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də göndərilən məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb.

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə ölkə daxilində görülmüş işlərdən geniş bəhs edən Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, pandemiya şəraitində ölkələrimiz arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir və Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib, eləcə də onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayıb, pandemiya dövründə də ölkəmiz etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Eyni zamanda, dövlətimizin başçısı qeyd edib ki, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək və həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır və bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır və Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik, çünki ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.

Zirvə görüşünə qatılan BMT Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlərində, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və iştirakçı dövlətlərin başçıları çıxışlarında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün təşkilinə və pandemiyaya qarşı aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Sonda Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünün yekununda 18 maddədən ibarət Bəyannamə qəbul edilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü onu söyləməyə əsas verir ki, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsidir.

Nəticədə, bu mühüm hadisələr onu göstərir ki, artıq ölkəmiz təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrdə və təhlükələrdə də öz sözünü deyir, eləcə də mövqeyini ortaya qoyur.

Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünya miqyasında baş verən qlobal hadisələrdə və təhlükələrdə də qətiyyətli mövqe nümayiş etdirir, eləcə dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir.

Bu da, onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir”.


Create Account



Log In Your Account