Feb 03 2017 15:17
Ulviyye Sabirqizi
Views: 1997

Avropa Şurası növbəti dəfə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını təsdiqləyən sənəd qəbul edib. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında mədəniyyət komitəsində müzakirə edilən məruzədə Ermənistanın işğalçı dövlət oluğu vurğulanıb.

Mətbuat azadlığına həsr edilən məruzədə qeyd olunub ki, Dağlıq Qarabağda separatçı rejim mövcuddur və orada mətbuat beynəxalq nəzarətdən kənardır.

Milli Məclis üzvü, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyir ki, bu sənədin qəbulunu Azərbaycanın növbəti uğuru hesab etmək olar:

“Orada ən önəmli məsələ ondan ibarətdir Dağlıq Qarabağın işğalı və burada separatçı rejimin hökm sürməsi fakt öz əksini tapdı. Bu, əlbəttə ki erməni tərəfin narazılığına və narahatlığına səbəb oldu. Lakin sevindirici haldır ki, AŞ üzv ölkələri və deputatları reallığı əks etdirərək bu sənədə səs verdilər”.

Azərbaycan üçün növbəti uğurlu hadisə isə Sevinc Fətəliyevanın yenidən Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri seçilməsidir. Azərbaycanlı deputat Avropa Şurası Parlament Assambleyasının sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin bir qoluna sədrlik edəcək. Ötən il sədr qismində Sevinc Fətəliyeva uşaq hüquqları ilə bağlı araşdırma təqdim etmişdi. Bu dəfə alt komitənin daha əhatəli fəaliyyəti nəzərdə tutulur:

“Orada uşaqlardan başqa insan haqları mövzusu müzakirə olunur. Uşaqların hüquqları müzakirə olunur. Avropa Şurasında həmçinin Azərbaycanın mövqeyini ortaya qoymaq üçün, Azərbaycan tərəfindən kiminsə seçilməsi onu göstərir ki, bu gün Azərbaycan həmin məsələlərin müzakirəsində və qərar qəbulunda mühüm rol oynayır və öz töhfəsini verir”.

Azərbaycan daim beynəlxalq tribunalardan Dağlıq Qarabağ həqiqətləri, ermənilərin işğalçılıq siyasəti haqqında məlumatları dünyaya çatdırır. Bu məsələlər arasında azərbaycanlı girovların durumu önəmli yer tutur. Deputat bildirir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ daim Avropa Şurasında qaldırılır, bununla bağlı qurum rəsmilərinə suallar verilir:

“Müşahidə etmişik ki, Avropa Şurasının baş katibi və prezidentinin tərəfindən girovların qaytarılması məsələsi öz çıxışlarında ifadə olunur. Təbii ki, bu, yalnız və yalnız birgə səylərin nəticəsindən əldə olunur. Azərbaycan tərəfi bu məsələni daim gündəmdə saxlayır. Bütün beynəlxalq təşkilatlar, ikitərəfli danışıqlar bu məsələni qaldırır. Ermənistan tərəfini girovların qaytarılmasına məcbur edilməsini tələb edir. Təəssüflər ki, hələ də bir nəticəyə gəlməmişik”.

Sevinc Fətəliyeva deyir ki, beynəlxalq təşkilatların mövqeyi aydındır – onlar da girovların geri qaytarılmasını istəyirlər. Amma Ermənistan hakimiyyəti çağırışlara məhəl qoymur və beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirməkdə davam edir”.
 

 


Create Account



Log In Your Account