May 27 2019 11:38
Naile Hesenova
Views: 151

Futbolun siyasiləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  Avropa Liqasının Bakıda keçiriləcək final oyununa "Arsenal" komandasının futbolçusu Henrik Mxitaryanın gəlməyəcəyi məsələsi ətrafında yaranmış vəziyyətlə bağlı İtaliyanın KİV-nə müsahibəsində deyib. Bildirib ki, gəlməməklə bağlı qərar onun və klubunun qərarıdır:

“Biz Azərbaycan olaraq bəyan etmişik ki, Mxitariyan da daxil olmaqla Bakıda oynamağa gələn bütün futbolçuların təhlükəsizliyinə zəmanət verəcəyik. Təəssüf ki, futbolun siyasiləşdirilməsi tendensiyasını və ya cəhdlərini görürük ki, bu da qəbuledilməzdir.

Bu xüsusda biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba, "Arsenal" və "Çelsi"yə uğurlar arzu edirik. Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq. Azərbaycan və Ermənistan arasında münaqişə mövcuddur, lakin nə futbolun, nə də ki Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsi yoxdur.

Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar. Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyət ilə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq”.

Qeyd edək ki, Henrix Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma üçün Azərbaycana gəlməməyə qərar verib.

Öz növbəsində, UEFA prezidenti Aleksander Çeferin "Arsenal"ın futbolçusu Henrix Mxitaryanın Bakıda "Çelsi" ilə Avropa Liqasının final matçını buraxması ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Sloveniyalı funksioner "Spiegel" nəşrinə açıqlamasında bunu oyunçunun öz qərarı kimi dəyərləndirib.

"Futbol belə təzyiqlər altında qalacaqsa, biz gələcəkdə heç nə təşkil edə bilməyəcəyik. Fransadakı Avropa çempionatında təhlükəsizliyi təmin etməyə nail olmuşduq. Həmin vaxt terror hücumlarının hədəfi bütün ölkə idi" deyə Çeferin vurğulayıb.

“ERMƏNİLƏR DƏFƏLƏRLƏ BAKIDA OLUBLAR”

Milli Məclis üzvü Tahir Mirkişili İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasındakı Avropa Liqasının final matçının Bakıda keçirilməsi əleyhinə son günlər Britaniya mətbuatında yazılanları şərh edib.  T.Mirkişili belə kampaniyanın ilk dəfə aparılmadığını vurğulayıb. O, misal olaraq xatırladıb ki, əvvəllər "Bakı 2015" I Avropa Oyunları, "Formula 1" üzrə Azərbaycan Qran-prisi, gimnastika, şahmat, güləş, boks üzrə mötəbər yarışlar zamanı da bu cür qarayaxmalar olub. Amma deputat Bakıdakı bütün nüfuzlu yarışların yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Millət vəkilinin sözlərinə görə, budəfəki kampaniyanı təhlil etdikdə cavabları olan suallardan tutmuş absurd iddialara qədər müxtəlif yanaşmalar - Bakı uzaqdır, səyahət etmək çətindir, viza almaq mürəkkəbdir, gecələmə bahadır, şəhərdə gəzmək təhlükəlidir, terror aktları təhlükəsi var və Henrix Mxitaryan problemini görmək mümkündür.

Deputat bildirib ki, iki il öncə UEFA İcraiyyə Komitəsi Bakını Avropa Liqasının finalının keçiriləcəyi şəhər kimi seçərkən heç kim həlledici qarşılaşmada hər iki komandanın İngiltərə təmsilçisi olacağını bilməyib: "Bakı Londondan 4000 km və 5 saatlıq uçuş məsafəsində yerləşir. Gündə 1 reys var və ya İstanbul, Moskva və digər şəhərlərdən əlaqəli reyslərlərlə uçmaq lazımdır. İngiltərəli futbolsevərlərin bu qayğısını anlamaq olar. Amma çətinliyin dəf olunması üçün AZAL 40-dan çox çarter reysi planlaşdırır. Eyni zamanda digər aviasiya şirkətləri ilə danışıqlar aparılır".

Vizaların alınması ilə bağlı iddiaları da əsassız sayan T.Mirkişili "ASAN elektron viza sistemi ilə istənilən xarici şəxs 3 saat ərzində viza ala bilər" deyib. Onun fikrincə, final görüşləri zamanı otel qiymətlərinin qalxması bütün şəhərlərdə müşahidə olunur: "Bakıda artıq kifayət qədər otel tikilib ki, bunun da tənzimlənməsi üçün imkanlar mövcuddur. Azərbaycan və Bakı şəhəri ictimai təhlükəsizliyin dünyada ən yaxşı təmin olunduğu şəhərdir. Hər il Azərbaycan gələn turistlərin sayında artımın, ölkədə bütün din və irqlərə qarşı dözümlülüyün olması bunu deməyə imkan verir".

Millət vəkilinin sözlərinə görə, terror təhlükəsinin olması barədə iddialar da absurddur: "Bakıda son terror hadisəsi 1994-cü ildə olub. Bu cəhətdən, Bakı Brüssel, Paris və Londondan kifayət qədər sakit şəhərdir. London küçələrində bıçaqlama, avtomobillə törədilən terror hadisələri artıq adi hal alıb".

"Arsenal"ın futbolçusu Henrix Mxitaryanla bağlı məsələyə gəldikdə, deputat vurğulayıb ki, bu problem təkcə onun erməni milliyəti ilə bağlı deyil: "Ermənilər dəfələrlə Bakıda olublar, hətta mükafatlara da sahib çıxıblar. Heç bir təhlükəsizlik problemi də yaşanmayıb. Amma Mxitaryan Dağlıq Qarabağa 3 dəfə qanunsuz səfər edib, separatçıların “başçısı” ilə görüşüb, yəni, siyasi fəaliyyətlə məşğul olub. Amma bunlara rəğmən, Azərbaycan hakimiyyəti bütün iştirakçılar kimi, onun da təhlükəsizliyinə təminat verib".

Sonda T.Mirkişili həm "Arsenal", həm də "Çelsi"nin artıq bir dəfə Bakıda oyun keçirdiklərini və ingiltərəli futbolsevərlərin də Azərbaycan paytaxtında olduqlarını xatırladıb. Digər tərəfdən, onun sözlərinə görə, final oyunları yalnız ingilislər üçün deyil, bütün Avropa futbolsevərlərin izləməsi üçün təşkil olunur.

Deputatın fikrincə, bu cür qarayaxma kampaniyaları Azərbaycanın inkişafını istəməyən bəzi qüvvələrin uğursuz cəhdləridir. O, əmin olduğunu bildirib ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalı digər beynəlxalq yarışlarda olduğu kimi maraqlı, təhlükəsiz və yaddaqalan alınacaq.

ERMƏNİLƏRİN ÖZLƏRİ DƏ BU ADDIMI QINAYIR

“Arsenal” futbol klubunun oyunçusu, erməni əsilli Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi Ermənistanda da birmənalı qarşılanmayıb.

Ermənistan Boks Federasiyasının mətbuat katibi Ervand Akopyan Feysbuk hesabında Azərbaycana və UEFA-ya qarşı olan iradların anlaşılmaz olduğunu bildirib.

“Mxitaryan Azərbaycana getməkdən imtina etdi, halbuki qarşı tərəf bütün təhlükəsizlik şərtlərinin təmin olunacağını bildirmişdi. Onu da vurğulayım ki, futbol şərhçilərinin təşkil etdikləri debatda tərəflərdən biri Mxitaryanı “qorxaq” adlandıraraq, 2007-ci ildə Bakıya yarışlara gedən erməni güləşçiləri və 2015-ci ildə Avropa oyunlarına qatılan erməni idmançıları misal çəkiblər”, - Akopyan yazıb.

Ermənistan Dövlət İdman İnstitutunun müəllimi, həmçinin Mxitaryanın ustadı Araks Marutyan isə tələbəsini ölkəsinin Bakıya yarışlara gedən digər erməni idmançılarla müqayisə edib:

“İdman izləyicisi kimi qeyd etməliyəm ki, Bakıya Ermənistandan gedən boksçularımızın və digər idmançılarımızın həyatı daha çox təhlükədə idi. Mxitaryan isə dünya şöhrətli idmançıdır. Bu isə o deməkdir ki, keçmiş tələbəmin sığortası və müdafiəsi daha güclüdür”.

O, qeyd edib ki, futbolçunu yalnız bir halda anlaya bilərdi ki, getdiyi ölkədə özünə qarşı boykotla qarşılaşsın:

“Xüsusən də Azərbaycana təyyarə ilə digər ölkədən uçacaqdı. Bakıya getməkdən imtina etmək üçün başqa səbəblər tapmaq olardı. Məsələn, erməni izləyicilərin stadiona buraxılmaması...”

Mxitaryanın qərarına Ermənistan Daxili İşlər Nazirliyindən də şərh gəlib. Nazirliyin mətbuat katibi Anna Naqdalyan bildirib ki, futbolçu matçda iştirak etsəydi, onu tam dəstəkləyərdi:

“Biz bildirdik ki, Azərbaycan öz tərəfindən bütün təhlükəsizlik şərtlərini təklif etdi. Bu şərtlər həm Mxitaryanı, həm də onun komandasını qane edə bilərdi”.

Naqdalyan mətbuat konfransında bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi futbolçunun Azərbaycana səfərinə qarşı deyil. Buna baxmayaraq, Naqdalyan Azərbaycanı suçlamağı da unutmayıb.

Yeri gəlmişkən qeyd edək ki, Mxitaryanın Bakıda keçiriləcək çempionata qatılmaqdan imtina etməsi dünyanın diqqətini bir daha Azərbaycan-Ermənistan münaqişəsinə yönəldib.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur. 


Create Account



Log In Your Account