Aug 05 2019 15:11
Ferah Sabirqizi
Views: 43

Avqustun 6-da işğal altındakı Xankəndi şəhərində Ermənistan və erməni diasporu tərəfindən 2 ildən bir keçirilən “ümumerməni idman oyunları start götürəcək. İran, Türkiyə, Ukrayna və Gürcüstan “erməni oyunları”na nümayəndə heyəti göndərməkdən imtina etdib.

Qeyd edək ki, bu “yarış”ın məqsədi dünyada yaşayan erməniləri idman vasitəsilə bir araya toplamaqdır. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində, Xankəndi şəhərində planlaşdırılan “oyunlar”a 5 min erməninin qatılacağı gözlənir. Onların arasında ABŞ, Rusiya, Fransa, Livan, Misir, Avstraliyada yaşayan ermənilər var.

Ermənistanın Azərbaycana qarşı yönəlmiş bu addımları haqqında Modern.az-a danışan millət vəkilləri  ermənilərin sadəcə diqqət çəkməyə çalışdığını düşünürlər.

Deputat Elman Məmmədov hesab edir ki, Ermənistan nüfuzlu, güclü dövlət olsaydı, bu cür cılız əməllərə əl atmazdı:

“Cəmiyyətdə güclü, nüfuzlu, savadlı adam özünü göstərmək, tanıtmaq üçün heç vaxt canfəşanlıq etmir. Cılız, aciz fitnə-fəsadlı adam isə ətrafdakıların diqqətini cəlb etmək üçün min oyundan çıxır. Ermənistan da dünyanın diqqətini özünə cəlb etməyə çalışan, bunun üçün dəridən-qabıqdan çıxan ölkədir. Varlıqlarını göstərmək niyyətilə hər fitnəyə əla atırlar.

Ermənilər qəsdən Qarabağda belə bir tədbir keçirməyə cəhd edirlər. Biz bunun qarşısını almaq üçün erməniləri darmadağın edib, ərazilərimizdən çıxarmalıyıq. Ərazi bütövlüyümüzü təmin edərək, erməniləri yerində oturtmalıyıq. Beləliklə, Qarabağda idman yarışlarını da biz keçirəcəyik, ermənilər yox!”

Deputat Rasim Musabəyov da o “idman yarışları”nı ermənilərin fitnəkarlığı adlandırıb:

“Azərbaycana tərəfdaş ölkələr öz vətəndaşı olan erməni əsilli şəxslərin oyunlara qatılmasına icazə vermədilər. Türkiyə, Ukrayna və Gürcüstan bu məsələdə qətiyyətli addım atdı. Ona görə, ermənilər Azərbaycanın belə cılız əməllərə meydan verməyəcəyini anladılar.

Biz beynəlxalq təşkilatlara müraciət etsək, nə isə əldə edə bilmərik. BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ də yerinə yetirilmir. Bu cür laqeyd qurumlardan nə gözləmək olar ki?”.

Deputat Rauf Əliyev də Ermənistanın bu ideyasının növbəti təxribat olduğunu vurğulayıb:

“Son illərdə Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, Formula I Bakı Qran Pirisi, I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, bu yaxınlarda 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyətin iştirakı ilə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmizin durmadan artan gücündən və beynəlxalq nüfuzundan xəbər verir. Ermənistan rəhbərliyi Azərbaycanın bu uğurları qarşısında nə edəcəyini bilmir. Onların gücü ancaq müxtəlif təxribatlar törətməklə işğalçılıq siyasətinin ömrünü uzatmağa hesablanıb. Bunun üçün isə hər cür vasitələrə əl atırlar. İnformasiya vasitələrinin verdiyi məlumatlara görə, Ermənistana qonşu olan Türkiyə, İran və Gürcüstan idmançıları bu oyunlarda iştirak etməyəcək. Bu, Azərbaycanın həm regionda, həm də dünyada yüksək nüfuza sahib olmasından xəbər verir”.


Create Account



Log In Your Account