Jan 13 2017 16:31
Ulviyye Sabirqizi
Views: 1764

Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycanla dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən CBC-yə bildiriblər ki, yanvarın 12-də ermənilər tərəfindən dövlət sərhədinin Tovuz rayonu sahəsinə, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə kustar üsulla hazırlanan partlayıcı qurğu atılıb.

Bu cür mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin düşmən tərəfindən tətbiqi müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, xüsusilə də həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə xəsarət yetirmək məqsədi güdür.
Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyənləşdirilib.

Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin Ermənistan tərəfindən, xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhədində məqsədyönlü şəkildə tətbiqi vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək niyyəti daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyət bütünlüklə Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

 


Create Account



Log In Your Account