Jan 23 2017 18:19
Ulviyye Sabirqizi
Views: 1869

Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur.

CBC-nin məlumatına görə, bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilib: "Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq".

İlham Əliyev bildirib ki, ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir:

"Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq. Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır".

 


Create Account



Log In Your Account