Sep 08 2018 14:40
Ferah Sabirqizi
Views: 74

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO-nun 1965-ci ildə elan etdiyi bu əlamətdar günün qeyd olunmasında məqsəd savadlılığın cəmiyyət üçün faydalılığına diqqət çəkməkdir. Belə ki, əldə olunan inkişafa baxmayaraq, bu gün dünyada savadsızlıq milyonlarla insanı əhatə edir.

Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır və bunun nəticəsidir ki, indi ölkədə savadlılıq 100 faiz təmin olunub. Təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, Dövlət proqramları uğurla həyata keçirilir.

İşğalçı Ermənistanda isə vəziyyət tam əksinədir. Dərin iqtisadi və siyasi böhran içərisində olan Ermənistanın təhsili də çökür. 20 ilə yaxındır ki, erməni məktəbliləri təmirsiz, qəzalı və şəraitsiz binalarda təhsil alırlar. Ötən il 14 orta ümumtəhsil məktəbi şagird çatışmazlığından bağlanıb.

“İrəvan” Analitik İnformasiya Mərkəzinin rəhbəri Söhbət Məmmədov deyir ki, Ermənistanın bütün sahələrində olduğu kimi, təhsil sistemində də vəziyyət çox problemlidir. Bunun səbəbi iki aspektə əsaslanır: hərbi-siyasi və sosial-iqtisadi: «Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi ona gətirib çıxarıb ki, bu il ölkə üzrə cəmi 39 min uşaq birinci sinfə qəbul olunub. Bu haqda Ermənistanın təhsil naziri məlumat verib. Ötən il birinci sinfə qəbul edilən uşaqların sayı 40 min olub. Yəni, ötən illə müqayisədə min nəfər azalıb. Ermənistan kimi ölkə üçün min böyük rəqəmdir”.

Erməni mənbələrinin məlumatına görə, 2017-ci ilə qədər orta məktəblərin sayı 100-dən çox azalıb. 60-dan çox məktəb üçüncü-dördüncü dərəcəli qəzalı binalara köçürülüb. Kəndlərdə vəziyyət daha acınacaqlıdır. Bəzi məktəblərdə heç kompüter də yoxdur. Məktəblər yalnız xarici dövlətlərin sayəsində texniki avadanlıqlarla təmin edilir. Ölkədə 5-6 kəndə ümumilikdə cəmi 1 orta məktəb düşür. Ekspertlər deyirlər ki, buna səbəb Ermənistan iqtisadiyyatının çökməsidir.

S.Məmmədovun sözlərinə görə, Ermənistanda dövlətin təhsili maliyyəşdirməyə imkanı yoxdur. Erməni mənbələrinin məlumatına görə, elə məktəblər var ki, bu il orada birinci sinif olmayacaq. Bunlar Syunik, Araqasot, Vayotszor və Lori vilayətlərindəki məktəblərdir. Digər maraqlı fakt odur ki, Syunikin Aravis kəndindəki məktəbə cəmi 3 şagird gedir. Onlar bir ailədəndirlər, bu bacılar üçüncü, altıncı və yeddinci sinifdə oxuyurlar”. 

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edir ki, ildən-ilə Ermənistanın ümumi, iqtisadi, sosial vəziyyəti pisləşib: “Bu məktəbləri saxlamağa lüzum yoxdur. Sovet vaxtı tikilən məktəblərə, universitetlərə indi ehtiyac yoxdur. Ən əsası, sovet dövrü ilə müqayisədə Ermənistanın əhalisi iki dəfə azalıb. Demək, iki dəfə də şagirdlərin, tələbələrin sayı azılıb. Bax, bu əsas problemlər - maliyyə və demoqrafiya problemi nəticədə ona gətirir ki, Ermənistanda təhsil deyilən sistem çökür”.

Ermənistanda universitet binaları da baxımsız vəziyyətdədir. Tələbələr təmirsiz, soyuq və şəraitsiz otaqlarda oxumağa məcburdurlar. Elə bu səbəbdən də, son 7 ildə ölkədə tələbələrin sayı kəskin şəkildə azalıb. Ermənistanın Təhsil Nazirliyinin məlumatına görə, 2012-ci ildə tələbələrin sayı 36 min 600 nəfər idisə, 2017-ci ildə bu rəqəm 22 min nəfərədək azalıb. Universitetdə boş qalan yerləri doldurmaq məqsədilə qəbul imtahanlarının sualları asanlaşdırılıb.

“Ermənistanda təhsil alan tələbə və ya şagird nəticədə harada iş tapa bilər? Erməni əlifbası dünyaya inteqrasiya olunmamış bir dil, bir əlifbadır. Və o sistemlə məktəbi və yaxud institutu qurtaran şəxs məcbur olur yenidən xaricdə təhsil alsın. Ona görə də indidən ən savadlı, ağıllı erməni ailələri öz övladlarını xaricə göndərir. Bax bu səbəblərdən bu ölkənin gələcəyini görməyən valideynlər və əhali çalışır həm ölkəni tərk eləsin, həm də çökən təhsil sistemindən qaçsın”.

Ermənistanda yaşayan milli azlıq nümayəndələri də təhsil sahəsindən şikayətlidirlər. Xüsusilə də, yezidilər tamam çıxılmaz vəziyyətdədirlər. Onlar nəinki rahat yaşaya və işləyə bilmirlər, övladlarını orta məktəbdə oxutdurmağa da həsrətdirlər. Bu günlərdə bir qrup yezidi sakini Ermənistanın təhsil və elm naziri Araik Arutunyana məktub yazaraq, uşaqlarının təhsil aldığı məktəbin direktoru Levon Poqosyanın işdən çıxarılmasını tələb ediblər.

Valideynlər deyirlər ki, yezidi uşaqların oxuduğu erməni məktəblərində müəllimlər çox kobuddurlar. Yezidi şagirdlərə qarşı hörmətsizlik edirlər, onları savadsız adlandırırlar. “Yezidisiniz, sizə onsuz da təhsil lazım deyil” – deyərək, məktəbliləri təhqir edirlər. Etirazçılar bu diskriminasiyaya son qoyulmasını və uşaqlarına yaxşı təhsil verilməsini tələb edirlər.

 


Create Account



Log In Your Account