Dec 10 2018 12:24
Ferah Sabirqizi
Views: 427

Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri əhalinin yeni hakimiyyətin vədlərinə biganə münasibəti və çoxlu sayda qanun pozuntuları ilə yadda qaldı. Ölkənin İstintaq Komissiyasına daxil olan şikayətlərlə yanaşı, ermənilər sosial şəbəkələrdə də Paşinyan və digər siyasətçilərin boş vədlərinə inamsızlıq əks etdirən bloq yazıları və statuslar paylaşıb.

Erməni KİV-lərinin xəbərinə görə, “Facebook” sosial şəbəkəsində yazılan statuslarda seçki bülletenlərinin Milli Uşaq Kitabxanasının həyətindəki zibil qutusuna atılmasını göstərən fotoşəkillər paylaşılıb. Jurnalist Asmik Ambartsumyanın da səhifəsində Yerevanın digər yerlərindəki küçələrə, yol kənarlarına atılmış bülletenlərlə bağlı faktlar göstərilib. Onun statusunda qeyd olunub: “Seçkilər ərəfəsində 30 milyon ədəd bülleten çap olunub, 50 ton kağızdan istifadə edilib və buna 7 milyon dram pul xərclənib. Yeganə təsəllimiz odur ki, bu vəsaiti xarici donorlar ayırıb”.

KİV-lərin yazdığına görə, ermənilərin sosial şəbəkələrdə paylaşdığı statuslar göstərir ki, əhalinin böyük bir hissəsi, xüsusən gənclər nə keçmiş iqtidarın nümayəndələrinin, nə də yeni hökumətin ölkədəki ağır sosial-iqtisadi problemlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağına inanmır. Məhz bu səbəbdən əhalinin cəmi 46,86 faizi seçkilərdə iştirak edib.


Create Account



Log In Your Account