Oct 12 2017 11:45
Naile Hesenova
Views: 87

İkinci Dünya müharibəsinin başa çatmasından yetmiş ildən çox vaxt ötür. Lakin təəssüf ki, bu gün biz müasir saxtakarlar tərəfindən o dəhşətli müharibənin tarixini bilərəkdən və qəsdən təhrif etmək, ata-babalarımızın qəhrəmanlıqlarına qara yaxmaq, işğalçılar tərəfində vuruşmuş xəyanətkarlara və onların himayədarlarına haqq qazandırmaq cəhdlərinin şahidiyik.

AZƏRTAC xəbər verir ki, bu fikri oktyabrın 12-də Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” adlı beynəlxalq konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

O qeyd edib ki, iki il bundan əvvəl Rusiyanın təşəbbüsü ilə BMT Baş Məclisinin yetmişinci sessiyasında nasizmin və neonasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşı mübarizəyə həsr edilmiş qətnamə qəbul olunub. Bu sənədi 126 dövlət dəstəkləyib. “Təəccüb doğuran odur ki, bu ölkələr arasında Ermənistan da var. Halbuki onun ərazisində nasist ideologiyası dövlət səviyyəsində yayılır. Hazırda Ermənistanda hərbi canilərin qəhrəman kimi qələmə verilməsi prosesi gedir. Minlərlə günahsız insanı qətlə yetirmiş nasist rejiminin əlaltısı Qaregin Njdeyə bu ölkədə heykəl qoyulub. Yeri gəlmişkən, həmin heykəlin açılış mərasimində Ermənistan prezidenti də iştirak edib. Njde haqqında film çəkilib, kitab nəşr olunub. Onun şərəfinə gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmiş sikkələr zərb edilib. Bir sözlə, SS erməni legionunu yaradan adam milli qəhrəmana çevrilib”, - deyə Ə.Mehdiyev qeyd edib.

Təəssüf ki, bu cür hərəkətlər başqa ölkələrin veteranları və geniş ictimaiyyəti tərəfindən lazımınca pislənilmir. Bu barədə danışan Prezident Administrasiyasının rəsmisi deyib: “Belə laqeydlik ona gətirib çıxarıb ki, bu gün erməni faşizminin varisləri nasist ideologiyasını dirçəldərək bizi zorla müharibəyə cəlb ediblər. İyirmi beş ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal altındadır. Həm Ermənistanın özündə, həm də işğal edilmiş ərazilərimizdə etnik təmizləmələr nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Qeyd olunub ki, Ermənistanın millətçilik və işğalçılıq siyasəti təkcə regionun təhlükəsizliyinə təhdid yaratmır, həm də bütün dünyada ekstremizmə və şovinizmə qarşı mübarizəni çətinləşdirir. “Yalnız birlikdə informasiya-maarifçilik fəaliyyətini və təbliğat işini gücləndirməklə faşist ideologiyasının daşıyıcılarını ifşa etmək və müsbət dəyişikliklərə nail olmaq mümkündür. Bu məsələdə biz qəti və dəqiq mövqe tutmalıyıq”, - deyə Ə.Mehdiyev vurğulayıb.

 


Create Account



Log In Your Account