May 15 2019 12:59
Ferah Sabirqizi
Views: 175

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın barəsində həbs qətimkan tədbirinin ləğv edilərək, zaminə buraxılmasından sonra ölkədə siyasi vəziyyət yenidən gərginləşib.

Baş nazir Nikol Paşinyanın çağırışı ilə Yerevanda bütün məhkəmələrə giriş-çıxış bir neçə saatlıq bağlanıb. Etirazçılar səhər saatlarından Yerevanda məhkəmə binalarını mühasirəyə alıblar. Aksiyaçılar məhkəmə binalarından birinin pəncərələrini sındıraraq hakimlərin binaya daxil olmasına imkan verməyiblər. Bir qrup aksiyaçı isə Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıb. Nikol Paşinyan ölkə rəhbərliyi ilə keçirdiyi iclasda çıxışı zamanı deyib ki, Ermənistanın məhkəmə sisteminə cərrahi müdaxilənin vaxtı çatıb. O bildirib ki, istisnasız olaraq bütün hakimlər yoxlamalara cəlb olunmalıdır:

“İctimaiyyət hakimlərin mülkləri və əlaqələri barədə məlumatlı olmalıdır. Verdiyi qərarlar sayəsində Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanın əleyhinə hökm çıxardığı bütün hakimlər vəzifələrindən kənarlaşdırılmalıdır.  Ədalətli ola bilməyəcəyini hesab edən hakimlər də istefa verməlidir. Korrupsiyalaşmış sistem öz şəxsi əlaqələrindən istifadə edərək Ermənistan hökuməti və mənim əleyhimə təbliğat aparır”.

Ermənistan baş naziri yenidən ictimaiyyətə müraciət edərək bugünkü aksiya ilə öz məqsədinə çatdıqlarını vurğulayıb. Paşinyan əlavə edib ki, artıq Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlanıb və geriyə yol yoxdur. O, eks-prezident Köçəryanın azadlığa buraxılmasına görə hətta Konstitusiyada ciddi dəyişikliklərin olacağını da anons edib.

Azərbaycanlı politoloqlar hesab edirlər ki, proseslərin bu istiqamətdə inkişafı gözlənilməz deyildi. Politoloq Tofiq Abbasovun fikrincə, bu ölkədə hakimiyyət vəziyyəti cilovlaya, ələ ala bilmir: 

“Ümumiyyətlə ölkədə olan problemlərlə, çağırışlarla bağlı Paşinyanın komandası bir qayda olaraq zəiflik və səriştəsizlik göstərir. İndiki bu vəziyyət göstərir ki, Paşinyanın inqilabı davam edir. Amma hələlik bu inqilabın hansı fazalara keçəcəyi və toplumun prioritetinin nədən ibarət olduğu bəlli deyil”. 
Ekspertlərin fikrincə, Ermənistanın əsas problemlərindən biri Azərbaycan torpaqlarının işğalı nəticəsində düşdüyü mürəkkəb vəziyyətdir. Münaqişənin davam etməsi Ermənistanda dayanıqlı inkişafın təmin olunmasına imkan vermir ki, bu da nəticə etibarilə ölkədə davamlı sabitliyin qurulmasına mane olur.  

“Dünya biznesinin nümayəndələri artıq demək olar ki, Ermənistanı nəzərə almırlar. Bölgəyə gələn iş adamları, iri şirkətlər, transmilli kompaniyalar Ermənistanla iş birliyi qurmağa can atmırlar. Çünki bu ölkədən qorxurlar və onun təhlükələrini adekvat qiymətləndirirlər”. 
 
Paşinyan hökumətin iclasında bəzi siyasi qüvvələrin Ermənistan və Qarabağ erməniləri arasında nifaq salmaq istədiyini də deyib. Qeyd edib ki, həmin qüvvələr Azərbaycanla müharibənin yenidən alovlanmasında maraqlıdır və mümkün itkilərə görə məsuliyyəti hökumətin üzərinə qoymağı planlaşdırır. Paşinyan bəyan edib ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı parlament komissiyasının yaradılmasının vaxtı çatıb. Beləliklə, baş nazirin özü də Ermənistanın qeyri-stabil və təhlükəli ölkə olduğunu sübut etmiş olub. 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur. 


Create Account



Log In Your Account