Jun 17 2020 13:28
Elshad Aliyev
Views: 80

Ermənistanda vəziyyət yenidən gərginləşib. Müxalifət qüvvələri paytaxt Yerevana gedən bir sıra yolları, eləcə də şəhərin bəzi küçələrini yük maşınları, avtobuslar və minik avtomobilləri ilə bağlayıblar.

Yerevan-Abovyan magistral yolunda maşınların hərəkəti tam dayandırılıb. Taksi sürücüləri “Dalma mall” ticarət mərkəzinə aparan yolu bağlayıblar.

AZƏRTAC xəbər verir ki, buna səbəb iyunun 16-da Ermənistan parlamentində “Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qagik Sarukyanın deputat toxunulmazlığının ləğvi və baş prokurorluq tərəfindən onun həbsinə icazə verilməsi üçün qanunverici orqan qarşısında vəsatət qaldırılması olub.

Hazırda müxalifət nümayəndələri, “Sarukyan” fraksiyasının deputatları parlamentin binası qarşısında aksiya keçirirlər. İştirakçılar Qaqik Sarukyanın deputat toxunulmazlığının bərpasını və baş prokurorluğun vəsatətinin ləğvini tələb edirlər. Əks halda, aksiyanın hökumətin istefası tələbi ilə daha da genişlənəcəyi bildirilir.

Əraziyə xeyli sayda polis və təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib, 100-dən çox aksiya iştirakçısı saxlanılıb.


Create Account



Log In Your Account