Jul 09 2020 18:23
Elshad Aliyev
Views: 159

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başlayır.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələrinin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların dədə-baba yurdu olan Ermənistan ərazisindən deportasiyası üçün onların evlərinə basqın edərək əmlaklarının qanunsuz ələ keçirilməsi, pozulmuş əmlak hüquqlarının bərpası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələrinə şərait yaratmaqdır.

Aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında müəyyənləşdirilib ki, azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əməkhaqları ermənilər tərəfindən mənimsənilib. Həmçinin bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməyərək, məcburiyyətdən geniş həyətyanı torpaqlarını, mülklərini və evlərini tərk ediblər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımızın talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir.

1988-ci ildən Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndəriləcək, bununla bağlı faktlar Avropa və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna start verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə riayət edərək ilkin müraciətlər üçün (051) 589-10-13 telefon nömrəsi və yaxud e-mail ünvanı vasitəsilə onlayn növbə götürmək lazımdır. Təşkilat tərəfindən həmin növbəyə uyğun olaraq vaxt təyin ediləcək. Hüquqları pozulmuş soydaşlarımız ilə görüşdə Operativ Qərargahın tələb və tövsiyələri diqqətə alınaraq sosial məsafənin qorunması, maska taxılması, spirtdən istifadə və sair kimi qaydalara əməl olunmasına diqqət yetiriləcək. Toplanmış sənədlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tələb etdiyi formada hazırlanır, dəymiş ziyan hesablanaraq təzminat tələb edilir.

Bunun üçün 1988-ci ildən Ermənistandan məcburən köçürülən soydaşlarımızın İctimai Birliyin ofisinə (Bakı şəhəri, İstiqlaliyyət pr-57, Bakı AZ1001, 012 497-56-65, 051 589-10-13, e-mail: office.aynha@gmail.com) gələrkən əllərində olan sənədləri də gətirmələri və bu il avqustun 20-dək müraciət etmələri xahiş olunur.

 

 


Create Account



Log In Your Account