Apr 22 2020 12:30
Elshad Aliyev
Views: 61

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələr xüsusi ayrılmış xəstəxanalarda həkim nəzarət altında müalicə edilirlər. Lakin müəyyən əlamətlər müşahidə olunduğu təqdirdə xəstəni koronavirusa yoluxmaqda və ya virus daşıyıcısı olmaqda şübhəli hesab etmək olar. Xəstənin hərarəti yüksəlirsə, quru öskürəkdən şikayətlənirsə və ya heç bir səbəb olmadan özünü çox yorğun hiss edirsə, nəfəsalma çətinləşirsə, davamlı sinə ağrısı və ya təzyiq, mavi dodaqlar, eləcə də dad hissinin itməsi virusa yoluxma ehtimalı yaradır. Xəstədə koronavirus diaqnozu təsdiqlənənə qədər ona ev şəraitində müəyyən şərtlər daxilində qulluq göstərmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova deyib. Onun dediyinə görə, əgər ev şəraitində bir xəstədə COVID-19-un əlamətləri varsa və onun vəziyyəti xəstəxanada stasionar şəraitdə müalicə almağa ehtiyac duyulduğu qədər ağır xəstə deyilsə, ailə üzvlərindən biri ona evdə yardım göstərməli, ancaq özünü qorumaq üçün bir sıra tədbirlər görməlidir: “İlk növbədə evdə izolyasiya zonası yaradılmalı və xəstə üçün otaq ayrılmalıdır. Həmin otaqda heç kim lazım olduğundan artıq vaxt keçirməməli, uşaqlar və ev heyvanları kənarda saxlanılmalıdır. Havanın təmizlənməsi üçün xəstənin olduğu otaqda bir pəncərə açıq qoyulmalıdır. Başqa otaq yoxdursa, xəstə ilə ailənin digər üzvləri arasında ən azı 1,8 metr məsafə olmalıdır. Xəstə və ona qulluq edən baxıcı mütləq maska geyinməlidir: Xəstənin təmasda olduğu bütün əşyaların səthi dezinfeksiya edilməlidir.

Üz maskası olmadıqda onu evdə uyğun bir parçadan - pambıq köynək, dəsmaldan hazırlamaq olar, lakin onun nə qədər etibarlı şəkildə infeksiyadan qorumağa qadir olduğunu demək çətindir.

Xəstə üçün vanna otağı ayrılmalıdır, onun toxunduğu hər bir əşyanın səthi təmizlənməli və dezinfeksiya edilməlidir. Xəstənin əlamətləri müntəzəm izlənilməlidir, ona çox yaxınlaşmadan bədənin hərarəti gündə bir neçə dəfə ölçülməlidir. Evdə ailə üzvlərindən kimdəsə əlamətlər müşahidə edilərsə, dərhal tibbi qrup çağırılmalıdır”.

Pediatr-infeksionist bildirib ki, xəstəni susuzlamağa qoymamaq, ona kifayət qədər su və alkoqolsuz təmiz maye içirmək lazımdır: “Əgər xəstəni narahat edən öskürək varsa, həkimin məsləhət gördüyü dərman verilməlidir. Dərman tövsiyə olunandan artıq qəbul edilməməlidir. Xəstənin olduğu mənzildə tam sakitlik hökm sürməlidir. Yemək zamanı xəstəyə kömək göstərilməli, lakin müəyyən məsafə saxlanılmalıdır: “Yemək və ya içki vermək üçün xəstə üçün xüsusi qab ayrılmalıdır. Xəstənin çirklənmiş paltar, dəsmal və yataq dəsti həmin otaqda bir səbət və ya çantaya yığılmalı, onları yığıb camaşıra apararkən əlcək geyinilməlidir. Əlcəklər çıxarılandan sonra əllər təmiz yuyularaq spirtlə dezinfeksiya olunmalıdır. Xəstəliyin erkən mərhələlərində və ya əlamətlər inkişaf etməzdən əvvəl xəstənin toxunduğu bütün təmas səthləri gündəlik olaraq təmizlənməlidir. Buraya masalar, sərt stullar, qapı tutacaqları, elektrik açarları, vanna otağı qurğuları, uzaqdan idarəetmə vasitələri, kabinetlər və soyuduculardakı tutacaqlar, kompüter klaviaturaları və “siçanlar”, planşetlər, telefonlar və digər əşyalar daxildir”.

Onun dediyinə görə, xəstəni ziyarətə gələnlər qəbul edilməməli, xəstənin qohumları, dostları və iş yoldaşları telefon və ya elektron rabitəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Bu, xəstə olmaq və otaqda qalmaq qorxusunu azalda bilər. Xəstəyə qulluq edən də özünün və digər ailə üzvlərinin sağlamlığını nəzarətdə saxlamalıdır”.


Create Account



Log In Your Account