Aug 07 2020 17:26
Elshad Aliyev
Views: 129

Hazırda dünya ölkələri COVID-19-un yaratdığı dərin böhranla üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını təsdiqləyirlər. Bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində xeyli aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Dövlətimizin başçısı İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib ki, bu müsbət dinamika koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağımızı söyləməyə əsas verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, insanların sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi çətinliklərin aradan qaldırılması üçün yeni modelin tətbiqinə böyük ehtiyac yaranıb. Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən nümayiş etdirdiyi yeni iqtisadi və sosial inkişaf modeli beynəlxalq səviyyədə də dəstək qazandı. Belə ki, hətta ən çox inkişaf etmiş ölkələr yaranmış çətinliklər qarşısında aciz qaldığı bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə oldu. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılaraq pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 min şəxsə, iyun ayında isə 290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik ödəmə olunub. Bu kimi biri-birindən əhəmiyyətli addımlar bir tərəfdən möhtərəm Prezidentimizin vətəndaşına diqqət və qayğısının, digər tərəfdən isə ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bir sözlə, mövcud reallıqlar Azərbaycanın zamanın istənilən çağırışına cavab vermək iqtidarında olduğunu nümayiş etdirir.

“Dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaş məmnunluğu günbəgün artır” - söyləyən baş redaktor bildirib ki, bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Qeyd olunan videoformat şəklində konfransda da dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə atılan addımları statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və onlar uğurla icra edilməkdədir. “O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır”, - söyləyən möhtərəm Prezidentimiz vurğulayıb ki, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb. Təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub.

V.Rəhimzadə Azərbaycanda iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını önə çəkərək bildirib ki, 2019-cu ildə ölkəmizdə həyata keçirilən iki sosial paket 4,2 milyon insanı əhatə etdi. Müxtəlif kateqoriyadan olan insanların əməkhaqları artırıldı. Həmçinin minimum əməkhaqqının, minimum pensiyaların məbləği dəfələrlə artırıldı. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan hər bir yeniliyin, təkmilləşmənin tətbiqini qarşıya mühüm vəzifə kimi qoyur. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda heç bir sosial layihənin təxirə salınmaması da deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı bildirib: “Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib”. Sosial siyasətin əsas tərkib hissəsi olaraq qaçqın və məcburi köçkünlərə dövlət qayğısı davamlılığı ilə diqqət çəkir. Belə ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox məcburi köçkün ailəsinin faydalanacağı bildirilir. Eyni zamanda, cari ildə 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Ümumilikdə 9 minə yaxın ailənin bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəyi nəzərdə tutulub. Atılan bu kimi addımlar bir daha dövlətimizin həyata keçirdiyi siyasətin təməlində insan amilinin dayandığını təsdiqləyir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ölkəmiz bütün bu reallıqları heç kimdən maliyyə dəstəyi almadan özü yaradır.

Vüqar Rəhimzadə pandemiyanın nəticələrinin müqayisəli təhlil aparmağı bir zərurətə çevirdiyini vurğulayaraq qeyd edib ki, bu baxımdan dünya dövlətlərinə diqqət yetirsək, görərik ki, onların mütləq əksəriyyəti maliyyə yardımı üçün beynəlxalq təşkilatlara müraciət edib. Amma Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi beynəlxalq birlik tərəfindən də yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə, yaxşı bəyanatlar verə bilər.

“Azərbaycan təkmil siyasəti ilə istənilən böhrana tam hazır olduğunu göstərir”, - söyləyən V.Rəhimzadə diqqəti büdcəyə düzəlişlərə yönəldərək bildirib ki, bu, bir daha dövlətin çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyini nümayiş etdirir: “2020-ci ilin dövlət büdcəsinin təsdiqlənməsi ərəfəsində ölkə pandemiyanı yaşamırdı. Məhz yaranan çətinliklər, azalan gəlirlər və artan xərclər büdcəyə yenidən baxılmasını bir zərurətə çevirdi”.

V.Rəhimzadə bildirib ki, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, müəyyənləşdirilən hədəflər istənilən çətinliyi aradan qaldırmağa əsas yaradır. Məhz mövcud təmələ əsaslanaraq bu inam da ifadə edilir ki, Azərbaycan bütün sosial öhdəliklərini yerinə yetirəcək, zəruri infrastruktur layihələrini icra edəcək, hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin ayrılmasına da nail olacaq. Möhtərəm Prezidentimizin keçirdiyi son müşavirədə də qeyd olunduğu kimi, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması biznes mühitinin yaxşılaşdırılmasına geniş imkanlar açacaq ki, bu da öz növbəsində həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizin davamlı inkişafını təmin edəcək. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə öz aktuallığını qoruyur. Dövlətimizin başçısı İlham Əliyevin videoformat şəklində keçirilən müşavirədə bir sıra şirkətlərin qarşısına qoyduğu tapşırıqlar da müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa xidmət edir.

 


Create Account



Log In Your Account