Aug 11 2020 09:32
Elshad Aliyev
Views: 62

Filippin Prezidenti Rodriqo Duterte Rusiyanın ölkəsinə koronavirusa qarşı peyvənd göndərmək təklifini qəbul edib.

AZƏRTAC Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, bu barədə R.Duterte Davao şəhər sakinlərinə televiziya müraciəti zamanı bəyan edib. Filippin Prezidenti bildirib ki, Rusiyanın ödənişsiz olaraq peyvənd təqdim etmək təklifi onu çox sevindirib.

R.Duterte ölkəsinin bu təklifi böyük məmnuniyyətlə qəbul edəcəyini və lazım olan peyvəndin miqdarını qarşı tərəfə bildirəcəyini deyib.

Agentliyin bildirdiyinə görə, Rusiyanın Filippindəki səfiri ötən həftə ölkəsində səmərəli və təhlükəsiz peyvəndin hazırlandığını bildirib. Filippin Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkəyə peyvənd göndərmək təklifinə görə minnətdarlığını çatdırıb. Filippin Prezidenti isə ilkin olaraq özünün Rusiyadan gələn peyvəndi sınaqdan keçirməyə hazır olduğunu bildirib.

Filippin Prezidenti qeyd edib ki, o, Vladimir Putinə rusların elmi tədqiqatlarına inandığını və həmin peyvəndin insanlıq üçün faydalı olduğunu göstərmək niyyətindədir.

Eyni zamanda, R.Duterte Səhiyyə Nazirliyinə Rusiya tərəfi ilə COVID-19-a qarşı peyvəndin hazırlanması texnologiyasının Filippinə verilməsi təklifini müzakirə etməyi də tapşırıb.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Filippində koronavirusa yoluxanların ümumi sayı 136 min 600 nəfəri ötüb, onlardan 68 mindən çoxunun sağaldığı, 2 min 200-nün isə həyatını itirdiyi bildirilir.


Create Account



Log In Your Account