Nov 25 2017 17:10
Naile Hesenova
Views: 511

“Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıya səfərə gələcək.

AZƏRTAC xəbər verir ki, noyabrın 29-30-da ölkəmizdə olacaq avstraliyalı Formula-1 pilotu paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula-1 azarkeşlərinin sevimlisi Daniel Rikkiardo paytaxtda olarkən Bakı şəhər halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq. Həmçinin D.Rikkiardo səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcək mətbuat konfransında da iştirak edəcək.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Daniel Rikkiardonun Bakıya səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirib: “Biz böyük məmnuniyyətlə avtoidman həvəskarlarının diqqətinə çatdırırıq ki, 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisində möhtəşəm qələbə qazanmış Daniel Rikkiardo yenidən gözəl paytaxtımızda olacaq. Onun Bakıya səfəri ölkəmizin qonaqpərvərliyini və zəngin tarixi mədəniyyətini bütün dünyaya tanıtmaq baxımından əvəzolunmaz fürsətdir. Bakıda bu il baş tutan Qran-Pri yarışı bütün avtoidman ictimaiyyəti tərəfindən 2017-ci il Formula-1 dünya çempionatının sürpriz və həyəcanla dolu ən baxımlı yarışı kimi qəbul olunub. D.Rikkiardonun Bakıya səfəri gələn il apreldə keçiriləcək növbəti Azərbaycan Qran-Prisinə böyük diqqət və maraq oyadacaq. BŞH-nin bütün kollektivi gözəl paytaxtımızı bir daha bütün dünyaya ən gözəl şəkildə təqdim etmək üçün səbirsizlənir. Yarışa biletlər artıq satışdadır və fürsətdən istifadə edərək bütün sürət həvəskarlarını Bakıda keçiriləcək növbəti möhtəşəm yarışa bilet almağa dəvət edirəm”.

 


Create Account



Log In Your Account