Feb 18 2020 13:07
Elshad Aliyev
Views: 220

Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filminin 1-ci hissəsi “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanıb. Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib.

AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycanın din tarixi, İslamın gəlişi, bu gün dövlət-din münasibətləri, müxtəlif dini icmaların fəaliyyəti, multikulturalizm haqqında geniş məlumat verilir.

Ölkəmizdə səfərdə olmuş fransız jurnalistlər dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşlərini lentə alaraq “France 2” televiziya kanalının geniş auditoriyasına təqdim ediblər. Müxtəlif dini icmaların nümayəndələrinin müsahibələri vasitəsilə ölkəmizdəki mədəniyyətlər, etnik qruplar və dinlərarası münasibətlər televiziya tamaşaçılarına çatdırılıb.

Filmin 1-ci hissəsində “Bibiheybət məscid ziyarətgahı”, “Təzə pir” məscidi, Bakıdakı kilsələr və sinaqoqlar, Gəncə İmamzadəsi, Nizami türbəsi, Qubadakı Qırmızı Qəsəbə, Alban-Udi kilsəsi və digər ibadətgahların tarixi və bu günü haqqında ətraflı məlumat verilib. Bakının ev sahibli etdiyi Dünya dini liderlərinin II Sammitindən danışılıb.

Filmdə müsəlman ölkəsi olan Azərbaycanın mədəniyyətlər və dinlərarası platforma olduğu, burada müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşayışı diqqətə çatdırılıb. Ölkəmizin Şərq və Qərb arasında körpü olduğuna toxunularaq, onun Böyük İpək Yolu üzərində yerləşdiyi bildirilib. Tarixi və dini abidələrlə zəngin olan Azərbaycanın sivilizasiyaların kəsişməsində yerləşdiyi vurğulanıb.

Filmin ideya rəhbəri Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari, rejissoru Bualem Geritli, prodüseri Cellul Bequra, tərcüməçisi Şəhla Ağalarovadır.

Xatırladaq ki, filmin 1-ci hissəsini fevralın 23-dək “France 2” televiziya kanalının saytında yenidən izləmək olar (https://www.france.tv/france-2/islam/1241787-azerbaidjan-premiere-partie.html). Filmin 2-ci hissəsi fevralın 23-də səhər “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanacaq.


Create Account



Log In Your Account