Mar 03 2020 14:45
Elshad Aliyev
Views: 142

Fransanın Planetes360.fr portalında “Azərbaycan: qadınlar parlament seçkilərinin əsil qalibləridirmi?” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda keçirilən parlament seçkilərində qadınların iştirakından, eləcə də onların cəmiyyətdə yerindən bəhs olunur. Parlament seçkilərində 299 qadın namizədin mübarizə apardığı vurğulanır. Bildirilir ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda 100 ildən çoxdur dünyəvilik və mədəniyyət müxtəlifliyi mövcuddur.

Yazıda, həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə yeri və rolu, eləcə də onların statusu haqqında məlumat verilir. Bildirilir ki, ölkə həyatının bütün sahələrdə qadınların fəallığı müşahidə olunur. Ölkədə qadınlar ən yüksək vəzifələrdə təmsil olunurlar.

Eyni zamanda, qeyd edilir ki, UNİCEF Azərbaycanın təhsil və intellektual sahədə zəngin irsi ilə fərqləndiyini, və qadınların mühüm sahələrdə fəaliyyət göstərdiyini öz hesabatında vurğulayır.

Məqalədə Azərbaycanda keçirilən parlament seçkilərinə toxunulur, seçkilərə qatılan qadın namizədlər barədə məlumat verilir. Qeyd edilir ki, seçkilərdə namizədlərin 22.58 faizini qadınlar təşkil edib. Yazıda seçkilərin müxtəlif beynəlxalq təşkilatlar, ölkələr, eləcə də Fransa senatorları tərəfindən müşahidə edildiyi vurğulanır, müşahidəçilərin seçkilərlə bağlı fikirlərinə yer verilir: “Müşahidəçilər bildiriblər ki, seçkilər yaxşı təşkil edilib. Bu seçkilər ölkədə demokratiya quruculuğu prosesinin tərkib hissəsidir”.

Yazıda Azərbaycandakı savadlılıq səviyyəsinin yüksək olmasından, gənclərin ölkəmizlə yanaşı, xarici dövlətlərin universitetlərində təhsil almasından bəhs edilir. Elm, texologiya, mühəndislik və riyaziyyat kimi tədqiqat sahələrində çox yaxşı tələbələrin olduğu diqqətə çatdırılır. UNESCO-nun statistikasına görə, Azərbaycanda elmi tədqiqatçıların 57,1 faizinin qadınlardan ibarət olduğu bildirilir. Azərbaycan qadınlarının sahibkarlıq sahəsində də fəallıq göstərdiyi qeyd olunur.


Create Account



Log In Your Account