Jul 15 2020 11:29
Elshad Aliyev
Views: 50

Xaçmazda Fransadan gətirilərək əkilmiş buğda sortlarında yüksək məhsuldarlıq qeydə alınıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində əkilən “Renan” və “Barok” buğda növlərindən hər hektara 73 sentner məhsul toplanıb.

Layihə Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən birgə həyata keçirilir. Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, yüksək məhsuldarlıq və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortlar ilkin olaraq 100 hektar sahədə əkilib. Yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini uğurlu nəticə verib. Arpanın “Ramata” sortunun becərildiyi sahələrdə də hər hektara görə orta məhsuldarlıq 53 sentnerə çatıb. Mütəxəssislər bunun yüksək nəticə olduğunu qeyd ediblər. Sınaqdan keçirilən yeni arpa sortu pivə istehsalı üçün daha faydalıdır.

Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60-70 sentnerdən yuxarıdır.


Create Account



Log In Your Account