Mar 11 2017 16:35
Ulviyye Sabirqizi
Views: 1623

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland, İqor Popov və Stefan Viskonti ilə görüşüb. ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də görüşdə iştirak edib.

Rusiyalı həmsədr İqor Popov bildirib ki, Minsk qrupunun tərkibində Amerika Birləşmiş Ştatları və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar Prezident İlham Əliyevin Fransaya səfəri zamanı davam etdiriləcək. Bu barədə fransalı həmsədr Stefan Viskonti açıqlama verib. Bildirib ki, çərşənbə axşamı Azərbaycan prezidentinin Parisdə həmkarı Fransua Ollandla görüşü nəzərdə tutulur. Fransalı vasitəçi danışıqlar prosesinin durğun nöqtədən tərpəndiyini deyib.

Prezident İlham Əliyevlə keçirilən görüş barədə açıqlama verən amerikalı həmsədr Riçard Hoqland bildirib ki, əhəmiyyətli danışıqlar aparılıb.  

Onun sözlərinə görə, görüşdə münaqişə tərəflərinin danışıqlar masası arxasına keçməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, aprel döyüşlərinin ildönümünü döyüş meydanında deyil, danışıqlar masası arxasında qeyd etmək lazımdır. Bildirildi ki, münaqişənin hərbi həlli mövcud deyil. Eyni ismarıcı biz Yerevanda rəsmi şəxslərə də çatdıracağıq.

Riçard Hoqland bildirib kİ, həmsədrlər Yerevana səfər edəndən sonra birgə bəyanatla çıxış edəcəklər.

 


Create Account



Log In Your Account