Apr 07 2017 15:05
Ulviyye Sabirqizi
Views: 1460

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizə səfər edən bir qrup fransalı jurnalist Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olublar.

CBC xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov media nümayəndələrinə işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, həmçinin kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verib. 

Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək.

Fransalı jurnalistlər Cocuq Mərcanlıda həyata keçirilən tikinti işləri ilə tanış olub, 23 ildir ki, burada yaşayan Həziyevlər ailəsinə baş çəkiblər.

 


Create Account



Log In Your Account