Mar 30 2017 18:00
Ulviyye Sabirqizi
Views: 1898

Fransada prezidentliyə namizədlərin beynəlxalq mövzularla bağlı mövqelərini işıqlandıran “Trombinoscope” jurnalında senator Andre Rişarın “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli: yeni seçiləcək fransız prezidentin prioriteti” adlı məqaləsi dərc olunub.

Məqalədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) senatordan Fransa ilə Azərbaycan arasındakı əlaqələrlə bağlı fikrini bildirməyi xahiş etdiyi diqqətə çatdırılır. Senator bu gün beynəlxalq mövzular məsələsinin Fransanın gələcəyi, onun dünyada mövqeyi və kollektiv təhlükəsizlik üçün vacib olmasına baxmayaraq bu haqda az danışıldığını qeyd edir. O, Azərbaycanda hökm sürən dini tolerantlıqdan, bu ölkənin 1918-ci ildən dünyəvi olmasından bəhs edir. Bildirir ki, Azərbaycan Fransa üçün strateji ölkədir. Senator, həmçinin TANAP və TAP layihələrinin əhəmiyyətini qeyd edir. Məqalədə Cənubi Qafqaz regionunda Azərbaycanın iqtisadi baxımdan ən çox inkişaf etməsindən və fransız şirkətləri ilə əməkdaşlığından söhbət açılır.

Senator qeyd edir ki, Fransanın yeni seçiləcək prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə xüsusi diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının, digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonunun erməni silahlı qüvvələrinin işğalı altında olduğu, 25 ildir bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı diqqətə çatdırılır.

Qeyd edilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişə ilə bağlı obyektiv mövqe tutmalıdır və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmalıdır. Münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin mümkünlüyündən danışan fransalı senator azərbaycanlı və erməni həmkarları ilə görüşməyə və münaqişənin həlli üçün danışıqların irəliləməsinə yardım göstərməyə hazır olduğunu bildirir.

 


Create Account



Log In Your Account