Nov 16 2017 16:32
Ferah Sabirqizi
Views: 1006

Dekabrın 27-də görkəmli Azərbaycan pianoçusu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda və Moskvada təntənəli yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən  verilən məlumata görə, noyabrın 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında F.Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə) çıxış edəcək.

Cari ilin 13 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə Moskvada P.İ.Çaykovski adına Konsert Zalında yubiley gecəsi keçiriləcək. Tədbirdə F.Bədəlbəyli ilə birgə tələbələri, pianoçu, xalq artisti Murad Adıgözəlzadə, tanınmış Azərbaycan dirijorları, xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında professor Fərhad Şəmsi oğlu Bədəlbəylinin layiqli yeri var. F.Bədəlbəyli müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları F.Bədəlbəylini geniş dinləyici kütləsinə sevdirə bilib. Onun böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunub. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan F.Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib.

Gözəl pianoçu milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində – Almaniya, Fransa, İspaniya, Avstriya, Rusiya, ABŞ, Türkiyə, Hindistan, Çin, İsveçrə, Norveç, Misir, Yunanıstan, Suriya, Portuqaliya, İsrail, Kanada, Gürcüstan və Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilib və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib.


Create Account



Log In Your Account