May 20 2020 14:15
Elshad Aliyev
Views: 35

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Washington Times” qəzetində dərc olunan məqaləsində dünyanın yeni növ koronavirus (COVID-19) infeksiyasına ən çox qurban verən ölkəsi olan ABŞ-a Türkiyənin müvəffəqiyyətinin sirlərini izah edib.

AZƏRTAC xəbər verir ki, məqalədə ingilisdilli oxucuların diqqətinə çatdırılır ki, Türkiyə hökuməti bütün vətəndaşlarına yeni növ koronavirus infeksiyası ilə bağlı pulsuz olaraq tibbi xidmət göstərir. Səhiyyə infrastrukturuna vaxtında qoyulan sərmayə mühüm bir məqamda öz səmərəli nəticəsini göstərib.

Müəllif yazı: “Atdığımız addımlarla gedişatı tərsinə dəyişə bildik. Yeni yoluxmaların artım tempi ilk yoluxma faktının aşkarlandığı mart ayının əvvəlindən bu yana ən aşağı səviyyəyə enib. Hər gün xəstəxanalardan müalicə olunub sağalaraq evə buraxılan vətəndaşlarımızın sayı yeni yoluxmaların sayını üstələyir”. Görülən səmərəli tədbirlərə, əhəmiyyətli işlərə baxmayaraq bəzilərnin Prezident Rəcəb Tayyib Ərdoğanı yersiz və əsasız tənqid etdiklərini diqqətə çatdıran Fəxrəddin Altun diqqətə çatdırır ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar və investisiyalar nəticəsində daha çox insanın tibbi xidmətlərdən yararlanmasına imkan yaranıb. Səhiyyə sahəsinə sərmayə qoyaraq yeni xəstəxanalar açan Türkiyə hətta koronavirus pandemiyası yaranmamışdan əvvəl, əhali sıxlığının ən yüksək olduğu bölgələrdə 10 yeni xəstəxananın tikilməsini nəzərdə tutmuşdu. Nəticədə səhiyyə sistemimiz digər ölkələrdə olduğu kimi böyük təzyiqlərlə üzləşmədi.

“Washington Times”in oxucularına çatdırılır ki, aparılan test sayına görə Türkiyə dünyada ilk beşliyə daxildir. Aparılan test sayı ilə yoluxma sayının düz mütənasiblik təşkil etdiyini dərk etməklə, çox sayda test apardığımız üçün infeksiyaya yoluxma sayının qısa müddət ərzində yüksək ola biləcəyini qəbul etdik. Ancaq çox sayda test aparmadan yayılmanı nəzarət altına almağın başqa məntiqli yolu yox idi.

Epidemiyanın biznesə və ev təsərrüfatına təsirini azaltmaq üçün Türkiyə hökumətinin borc ödənişlərini təxirə salaraq bəzi vergiləri endirməsindən bəhs edən müəllif yazır ki, bütün şirkətlərə ödənişi daha sonra edə biləcəkləri 36 aya qədər faizsiz kreditlər verildi. Bundan əlavə, ailələrə birbaşa pul yardımı edildi. Bizneslə bağlı 100 milyard lirəlik dəstək paketi hazırlayan hökumət Türkiyə Varlıq Fondunun çətin vəziyyətdə qalan özəl şirkətləri satın almasını asanlaşdıran bir plan üzərində işləyir. Təəssüf ki, bizi tənqid edənlər bu həqiqətləri görmək istəmirlər. Ancaq bir çox mütəxəssisin fikrincə, virusa qarşı mübarizəni effektiv şəkildə davam etdirmək üçün bunu etmək lazımdır. Pulsuz və universal bir səhiyyə sistemi olmayan ölkələr ciddi çatışmazlıqlar ilə üzləşirlər.

Məqalədə vurğulanır ki, Türkiyə 2003-cü ildən bəri səhiyyə sahəsində islahatlara imza ataraq, bölgəmizdə pulsuz tibbi xidmət göstərən azsaylı dövlətlərdən biridir. “New England Journal of Medicine” jurnalında qeyd edildiyi kimi, Türkiyə səhiyyə sahəsində böyük bərabərsizlikləri aradan qaldıraraq, bütün vətəndaşlarını maliyyə risklərindən qorumaq üçün iddialı bir səhiyyə islahatı həyata keçirdi. On il ərzində səhiyyə xidmətləri universal hala gəldi və əhəmiyyətli dərəcədə irəliləyiş əldə edildi.

Bildirilir ki, sosial məsafə qaydalarına da ciddi yanaşılır: "Bütün beynəlxalq uçuşları ləğv etdik, daxili uçuşları məhdudlaşdırdıq. Məktəbləri, restoranları və kafeləri müvəqqəti bağladıq, kütləvi ibadətləri dayandırdıq. Həmçinin böyük şəhərlərimizdə həftə sonları küçəyə çıxma qadağası tətbiq etməklə epidemiyanı nəzarətdə saxlayırıq. Türkiyə virusdan zərər görən ölkələrə səyahəti məhdudlaşdıran və nəhayət tamamilə dayandıran ilk ölkələrdən biri oldu. Uçuşlar ləğv edilməzdən əvvəl sərnişinləri dərhal tibbi yoxlamadan keçirərək, xəstəlik simptomu olanları hava limanlarında müəyyənləşdirməyə çalışdıq”.

Müəllif yazı ki, insanları xəstəlikdən qorumağa çalışarkən hansı ölkədən gəldiklərinə görə heç bir fərq qoymadıq: “Yunanıstanla quru sərhəddimizdə gözləyən bir çox suriyalı qaçqını geri gətirərək virusun yayılmasının qarşısını aldıq. Qaçqın düşərgələrində və Suriyanın şimalında evlərindən didərgin salınmış insanlarla bağlı lazımi tədbirləri gördük. Məhdud resurslarla koronavirus epidemiyası ilə mübarizə apararkən, mübarizənin kollektiv olduğunu və bu müddətdə heç bir ölkənin tək qalmamalı olduğunu bildirdik. Bu baxımdan Türkiyə Avropa dövlətləri də olmaqla bir çox ölkəyə kömək etdi”.

Məqalədə vurğulanır ki, yüksək risk qrupunda olan böyüklərimizə xüsusi diqqət yetirdik: “65 yaşdan yuxarı vətəndaşlarımızın sərbəst hərəkət etməsini öz təhlükəsizlikləri baxımından məhdudlaşdırmaqla, yerli hakimiyyət orqanlarının onların ehtiyaclarını ödəməsini təmin etdik. Bu müddət ərzində nə böyüklərimizi, nə də gənclərimizi unutmadıq. Hətta daha da irəli gedərək epidemiya zamanı sahibsiz heyvanların ehtiyaclarını qarşıladıq. Atdığımız bütün addımlar Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişlərinə uyğun olaraq və epidemiya ilə mübarizədə qəbul etdiyimiz insanyönümlü və humanitar yanaşma çərçivəsində atıldı”.

Məqalə belə tamamlanır: “Türkiyənin COVID-19 pandemiyasına qarşı mübarizəsinin və bu prosesi necə düzgün şəkildə idarə edə bilməsinin araşdırılması çox vacibdir. Avropa və Asiya qitələri arasında keçid nöqtəsi olan Türkiyə virusun ciddi narahatlıq doğurduğu İran ilə qonşudur. Bundan əlavə, İstanbul Hava Limanı dünyanın ən çox hava gəmisi qəbul edən aeroportlardan biridir. Bütün dövlətlər bu gün və qarşıdakı illər ərzində böhranın idarə olunması ilə bağlı suallara açıq olmalıdırlar. Bu müddətdə nəyin səhv olduğunu və gələcəkdə bənzər epidemiyaların qarşısının necə alına biləcəyini düşünməyə başlamaq məcburiyyətindəyik”.

 


Create Account



Log In Your Account