Mar 17 2020 11:58
Elshad Aliyev
Views: 45

Martın 16-da COVID-19 pandemiyası ilə əlaqədar G7 liderlərinin fövqəladə görüşü keçirilib.

APA-nın Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, görüş video-konfrans vasitəsilə baş tutub.

Liderlər COVID-19 pandemiyası ilə mübarizə yollarını və bu istiqamətdə əməkdaşlığı müzakirə ediblər.

Görüşün sonunda birgə bəyanat yayılıb. 

"G7 liderləri olaraq COVID-19 pandemiyasının bir insan faciəsi və qlobal səhiyyə böhranı olduğunu, eyni zamanda dünya iqtisadiyyatı üçün böyük risklər yaratdığının fərqindəyik. 

Sıx əməkdaşlıq və səylərimizin artırılması ilə güclü qlobal reaksiya təmin etmək üçün lazım olan addımları atmağa hazırıq. Mövcud çətinliklər milli fövqəladə tədbirlər tələb etsə də, qlobal iqtisadiyyatın sabitliyinə sadiq olduğumuzu bir daha bəyan edirik. COVID-19 pandemiyası ilə bağlı mövcud problemləri aradan qaldırmaq demokratik dəyərlərimizə uyğun və özəl müəssisələrin güclü tərəflərindən istifadə etməyi, elmə və dəlillərə əsaslanan güclü əlaqələndirilmiş beynəlxalq yanaşma tələb edir.

Biz ifadə edirik ki, hökumətlərimiz bütün gücünü:
İnsanları COVID-19-dan qorumaq üçün lazımi sağlamlıq tədbirlərini əlaqələndirməyə;

Güvən yaratmağa, iş yerlərini qorumağa və artımı təmin etməyə;

Qlobal ticarət və investisiya dəstəyə;

Elmi, tədqiqat və texnoloji əməkdaşlığı təşviq edilməsinə yönəldəcək.

Birlikdə hərəkət edərək, COVID-19 pandemiyasının yaratdığı sağlamlıq və iqtisadi riskləri aradan qaldırmağa, güclü, dayanıqlı iqtisadi böyümənin və rifahın bərpası üçün mərhələnin təşkilinə səylə çalışacağıq.

Ölkələrimizdəki hər kəsin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün çox çalışacağıq. Cavab tədbirlərinin gücləndirilməsi ən vacib prioritetimizdir. Virusun yayılmasını dayandırmaq üçün səylərimizi, o cümlədən müvafiq sərhədlərin idarə olunması tədbirlərimizi əlaqələndirəcəyik" – deyə, bəyanatda bildirilib.

Bəyanatda o da qeyd olunub ki, G7 ölkələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya ilə mübarizədə liderliyini və bu istiqamətdə səylərini dəstəkləyir. 

G7 liderləri pandemiya ilə mübarizədə araşdırma nəticələrinin ölkələr arasında paylaşılmasının vacibliyini vurğulayıblar: "Virusu daha yaxşı başa düşmək və mübarizə aparmaq üçün epidemioloji və digər məlumatları bir yerə toplayacaq razılaşdırılmış tədqiqatları artıracağıq. Effektivlik, təhlükəsizlik və əlçatanlıq prinsiplərinə riayət etməklə, həm dövlət, həm də özəl resurslar tərəfindən maliyyələşdirilən ortaq tədqiqat layihələrinin başlamasını və müalicə metodlarının sürətli inkişafı, vaksinlərin istehsalı və paylanması dəstəkləyəcəyik. Ən çox ehtiyac duyulan yerlərdə tibbi avadanlıqların təminatını gücləndirmək üçün səy göstərəcəyik”.

Pandemiyanın iqtisadiyyata mənfi təsirlərini qeyd edən G7 ölkələrinin liderləri mənfi risklərdən qorunmaq üçün bütün siyasi vasitələrindən istifadə edərək səyləri əlaqələndirəcəklərinə və lazım olan hər bir addımı atacaqlarına söz veriblər: “Bu məqsədlə, ən çox təsirə məruz qalmış işçiləri, şirkətləri və sektorları dərhal və lazımi qədər dəstəkləmək üçün pul və maliyyə tədbirləri, habelə digər tədbirlər də daxil olmaqla, bütün imkanlarımızı səfərbər edəcəyik. Bu kiçik və orta biznes və işləyən ailələr üçün xüsusilə vacibdir”.

Bəyanatda o da qeyd olunub ki, G7 ölkələrinin milli bankları iqtisadi və maliyyə sabitliyini dəstəkləmək üçün lazımi tədbirlərin görülməsinə dəstək verəcək və öz aralarında koordinasiyanı davam etdirəcək.

Liderlər razılaşdırılan addımların yerinə yetirilməsini müzakirə etmək və koordinasiya ilə əlaqədar G7-nin Maliyyə nazirlərinin hər həftə video-konfrans vasitəsilə müzakirələr aparacağı barədə razılığa gəliblər.


Create Account



Log In Your Account