Feb 02 2017 16:12
Ulviyye Sabirqizi
Views: 1414

"Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir”.

CBC-nin məlumatına görə, bunu Bakıda maestro Niyazinin abidəsinin açılış mərasimində prezident İlham Əliyev deyib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan dövləti öz mədəni irsinə həmişə böyük diqqətlə yanaşır:

"Biz görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadırıq, əbədiləşdiririk. Son bir neçə il ərzində şəhərimizin mərkəzində ardıcıllıqla görkəmli mədəniyyət xadimlərinin – Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun abidələri açılıb. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə Niyazinin abidəsi də açılır. Niyazinin adı Azərbaycanda əbədiləşdirilib. Azərbaycan teleradio şirkətinin simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır, bu gün də Niyazinin möhtəşəm, çox gözəl və əzəmətli, eyni zamanda, bu əraziyə uyğun abidəsi açılır.

Onu da qeyd etməliyəm ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin yubiley tədbirləri dövlət səviyyəsində qeyd ediləcək. Bülbülün 120 illik, Tofiq Quliyevin, Cövdət Hacıyevin 100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək. Bütün bu əlamətdar tarixlər dövlətin tam dəstəyi ilə yüksək səviyyədə keçiriləcək.

Ümumiyyətlə, demək istəyirəm ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və bu gün də qoruyuruq".


Create Account



Log In Your Account