Aug 10 2018 14:50
Ferah Sabirqizi
Views: 261

Azərbaycanda aşkarlanan neolit insanlarının skeletlərinin DNT analizi aparılacaq. Analizlər Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) Elmi Fondundan məlumat verilib.

Məlumata görə, Türkiyənin Hacəttəpə Universitetinin antropologiya fakültəsinin professoru, doktor Yılmaz Səlim Ərdal Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) Elmi Fondunda tədqiqatlara başlayıb. Azərbaycanda aşkarlanmış insan qalıqlarının DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birinə qohumluq əlaqəsi araşdırılacaq.

Tədqiqatlar Türkiyənin Orta Doğu Texniki Universitetinin doktoru Mehmet Somelin “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır.

Bu elmi layihəyə əsasən AEİ-nin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın Tovuzda aşkarladığı abidələrin materialları cəlb olunub.

Bu, DNT analizinin köməyilə aparılan çeşidli analizlərdən yalnız bir istiqamətidir. Müasir dövrdə genetikadan bir çox analizlər, elmi tədqiqatlarda istifadə olunur. Dünyanın aparıcı laboratoriyalarında genetik analizlər aparılır, bu istiqamətdə elmi araşdırmalara milyonlar xərclənir. 

AĞIL GENLƏRİ AŞKARLANIB

Bu yaxınlarda alimlər insanın təkamül prosesində mühüm rol oynayan üç geni aşkar ediblər. Bu genlər beyin yarımkürəsinin böyüməsi və qavrama qabiliyyətinin artmasını, son nəticədə isə şüurlu insanın formalaşmasını şərtləndirib. “Cell” elmi jurnalında dərc olunmuş məqalədə bu genlərin 3-4 milyon il əvvəl yaşamış insanlarda, habelə meymunlarda olduğu müəyyən edilib. O dövrə aid daşlaşmış kəllə sümükləri üzərində aparılmış tədqiqat şimpanze, qorilla və oranqutanqların da beyin yarımkürəsinin genişlənmə prosesindən keçdiyini sübut edir. Lakin meymunda olmayan, yalnız insan beynində mövcud olan NOTCH2NL genlərinin aktiv olması şüurlu insanın meydana gəlməsinə səbəb olub.

Genetiklər müəyyən ediblər ki, NOTCH2NL genləri beyin qabığındakı neyron hüceyrələrində yerləşir və idrak, dil, yaddaş, məntiq və şüuru idarə edirlər. Belçikanın Brüssel Universitetinin professoru, neyrobioloq Pyer Vanderhaeqen qeyd edib ki, məhz onların sayəsində insan uzun təkamül prosesini keçərək bugünkü sosial varlıq səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, məhz NOTCH2NL genləri insanın meymundan fərqli və məməlilərin tamamilə orijinal növü olduğunu bir daha sübut edir.

 

Elm adamları DNT vasitəsi ilə insanın saçının, gözünün və dərisinin rəngini müəyyən edə bilirlər. Alimlər üç piqment özəlliyini bir araya gətirərək, Hlris Plex-S DNA test sistemi icad ediblər. Hətta arxeoloji qazıntılar zamanı əldə olunan DNT analizləri əsasında da bu üç analizin cavabını əldə etmək mümkün olacaq.

Tədqiqatçı Susan Valş deyir ki, əvvəllər DNT ilə göz rəngi və saç rəngini qismən öyrənmək olurdu. Amma bu gün artıq dəri rəngini də bilmək olur. Hətta DNT analizi nəticəsində dəri rəngini bir neçə yerə — tünd, açıq, soluq kimi rənglərə bölüblər.

Genetika elminin inkişafı autizm, şizofreniya, habelə başın anormal böyük, yaxud kiçik olması halları meydana gəlir.

BİOMETRİK GÖSTƏRİCİLƏR NƏYƏ YARAYIR?

DNT analizi ilə yanaşı, daktiloskopik tədqiqatlar da elm aləmində mühüm əhəmiyyət daşıyan analizlərin bir növüdür. Bu gün dünyada İKT sektorunun sürətlə inkişaf etməsi təhlükəsizlik sahəsində yeni texnologiyaların meydana çıxmasına səbəb olub. Məsələn, artıq inkişaf etmiş ölkələrdə təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün biometrik texnologiyalara əsaslanan sistemlər tətbiq edilir. Hətta əvvəllər biometrik sistemlərlə ilk növbədə aeroportlar, böyük ticarət mərkəzləri təchiz edilirdisə, sonradan bu sahəyə artan tələbat tədqiqatların genişləndirilməsi və daha müasir texnologiyaların yaranmasına gətirib çıxardı.

Artıq inkişaf etmiş ölkələrdə təhlükəsizlik biometrik texnologiyalara əsaslanan sistemlərlə təmin olunur. Məsələn, “Mastercard” Böyük Britaniyada barmaq izini oxuya bilən kartları sınaqdan keçirməyə başlayıb. Bu biometrik kart vasitəsilə kartın sağ küncündə şəxsin barmaq izi skanerlə yerləşdirilir. Artıq 2019-cu ildən etibarən bu sistem tam işləməsi üçün üstündə işləniləcək. Həmçinin yayılan məlumatlara görə, “Mastercard” “selfie” vasitəsilə də ödəmələrin reallaşdırıla bilməsi üçün işlər görür.

Biometrik qurğular bazarının artımı onlarla məşğul olan şirkətlərin sayının yüksəlməsinə, bu yüksəliş onlar arasında rəqabətin formalaşmasına, rəqabət isə informasiya təhlükəsizliyi təminatının biometrik sistemləri üzrə qiymətlərin olduqca əhəmiyyətli şəkildə azaldılmasına səbəb oldu.

Yeri gəlmişkən, bu il Madrid Politexnik Universitetinin İT mütəxəssisləri tərəfindən yeni biometrik identifikasiya texnologiyası hazırlanıb. Bu texnologiya bədənin qoxusuna görə insanları tanımağa icazə verir. Alimlərin sözlərinə görə, hər bir insan yalnız ona məxsus qoxuya malikdir ki, bu da kütlə içərisində insanı 85 faizdən çox dəqiqliklə tanımağa icazə verir. Ekspertlərin qənaətinə görə, yeni hazırlanan texnologiya biometrik identifikasiyanın imkanlarını daha da yaxşılaşdıracaq.

Dünyada biometrik texnologiyalar inkişaf etdikcə bu texnologiyalar əsasında işləyən müxtəlif qurğular yaradılır. Bu tip müasir qurğulardan biri də biometrik köşkdür. Biometrik köşk şəxs haqqında biometrik və şəxsi məlumatların alınması və eyniləşdirilməsi üçün yaradılmış universal bir qurğudur. Bu qurğu sensorlu monitordan, 3D skanerdən, barmaq izi skanerindən, rəqəmsal kameradan, RFID kartların, şəxsiyyət vəsiqəsi və ya pasportların oxuma qurğusundan və xüsusi proqram təminatı ilə təchiz edilmiş kompüterdən ibarətdir.

Biometrik köşkün imkanlarına gəlincə, sensorlu monitorun toxunmaqla idarə edilməsi, 3D skaner vasitəsi ilə şəxsin üzünün biometrik 3D modelinin yaradılması, barmaq izi skaneri vasitəsi ilə biometrik standartlara cavab verən barmaq izinin oxunması, rəqəmsal kamera vasitəsi ilə şəxsin biometrik standartlara cavab verən şəklinin çəkilməsi, RFID oxuyucusu vasitəsi ilə RFID kartların və biometrik pasportların oxunması mümkündür.

Eyniləşdirmə rejimində şəxsin biometrik və şəxsi məlumatları götürülərək məlumatlar bazasında olan mövcud məlumatlarla müqayisə edilir. Barmaq izi üzrə eyniləşdirmə zamanı, şəxs barmağını skanerə qoyduqda, barmaq izi götürülür və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir. Üz şəkli üzrə eyniləşdirmə zamanı, şəxs rəqəmsal kameraya baxdıqda, şəxsin biometrik üz şəkli götürülür və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada tapılarsa, şəxsin kimliyi haqında məlumat monitorda göstərilir. Sifət üzrə üç ölçülü eyniləşdirmə zamanı, şəxs 3D skanerə baxdıqda, şəxsin üç ölçülü biometrik sifət modeli yaradılır və müvafiq məlumatlar bazasında axtarılır, əgər bazada bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir. Şəxsi məlumatlar üzrə eyniləşdirmə zamanı isə şəxs şəxsiyyət vəsiqəsini və ya pasportunu oxuma qurğusuna daxil etdikdə, bu sənədlərdən şəxsi məlumatlar oxunur və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir.

AZƏRBAYCANDA DA YENİ TEXNOLOGİYALAR TƏTBİQ EDİLİR

Hazırda Azərbaycan da biometrik texnologiyaların tətbiq olunduğu əsas ölkələrdən sayılır. Respublikamızda bu sahəyə keçidin əsası isə təxminən 2007-ci illərdən başlayır. Belə ki, ölkə prezidentinin 2007-ci il 13 fevral tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqram milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, terrorçuluğa, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizənin gücləndirilməsində, eyni zamanda informasiya cəmiyyətinin qurulmasında xüsusi əhəmiyyət kəsb edib. İki mərhələ üzrə aparılan işlərə uyğun olaraq, ilk mərhələdə (2007-2009-cu illər) bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi məsələləri, miqrasiya proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirlər, o cümlədən sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsi həyata keçirilib. İkinci mərhələdə (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulmuşdu. Proqramın vəzifələrindən biri də biometrik texnologiyalar əsasında biometrik pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalı və tətbiqinin təşkili olub ki, bu prosesə də ötən ilin sentyabrından start verilib.

Biometrik pasportlar müasir texnologiyalara əsaslandığından saxta sənədlərlə sərhədi keçmək qeyri-mümkündür. Biometrik pasportlar şəxsiyyətin avtomatik identifikasiyası, miqrasiyaya sürətli nəzarət, sərhədlərin daha yaxşı mühafizəsi və təhlükəsizlik kimi üstünlüklərə malikdir.

Eyni zamanda, bu pasportların əsas üstünlüklərindən biri fərdlə bağlı bütün məlumatların sənədə yerləşdirilən xüsusi çipə daxil edilməsidir. Adətən, yaxın adamları əsasən, məhz bu texnologiyaların köməyi ilə sifət quruluşuna, səs tempinə, yerimək tərzinə görə tanıyırıq. Hazırda informasiya texnologiyalarının mühüm hissəsinə çevrilən biometrik texnologiyalar bioloji və davranış xarakteristikaları əsasında fərdin avtomatik eyniləşdirilməsi üçün müxtəlif üsullar təklif edir. Elmi tədqiqat və praktik tətbiqlərdə sınaqdan çıxarılmış biometrik xarakteristikalara barmaq izi, gözün torlu qişası, gözün qüzehli qişası, sifət şəkli, əlin həndəsəsi, ovucun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yeriş və s. aiddir ki, yeni nəsil pasportlarda bunlar nəzərə alınıb.

Hazırda dünyada DNT analizlərindən əsasən bu istiqamətlərdə araşdırma aparılması üçün istifadə olunur.

1.DNT testi ilə uşağın valideynlərini müəyyənləşdirmək mümkündür. Ancaq bu testə kürü və ya şərab kimi lüks məhsulların orijinallığını yoxlamaq üçün də müraciət edirlər.

2. DNT canlının böyüməsi, yaşaması və çoxalması üçün lazım olan bütün genetik kodu ehtiva edən molekulun adıdır. Odur ki, DNT analizi sayəsində hansı xəstəliklərə yaxalanmaq riskinizin yüksək olduğunu öyrənə bilərsiniz.

3.Ətraf mühitin təsiri ilə bu molekulda mutasiyalar baş verə bilir. DNT-də mutasiyaya səbəb olan ən başlıca səbəblər Günəşin bənövşəyi şüaları və narkotik maddələrdir.

4. Orqanizmdəki bütün DNT molekullarını bir-birinə bağlasaq, Yerdən Günəşə 600 dəfə, Yerdən Aya isə 6000 dəfə gedib gəlmək mümkün olardı.

5.Bütün insanların DNT-si 99 faiz üst-üstə düşür. Valideynlə uşağın DNT-si 99.5 faiz oxşarlıq təşkil edir.

Qeyd edək ki, Azərbaycanda həm biometrik, həm də DNT analizlərindən istifadəyə icazə verən yeni qanun qəbul edilir. “Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanun layihəsi qeydiyyatın aparılması nəticəsində əldə olunan məlumatlardan itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitlərin, habelə, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün istifadə edilir. Sənəddə məcburi və könüllü dövlət daktiloskopik və genom qeydiyyatının şərtləri öz əksini tapıb. Eyni zamanda, daktiloskopik və genetik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri, müddəti və məhv edilməsi ilə bağlı qaydalar  ehtiva olunur.

Yazı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi  “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinin ictimai müzakirələrinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb.  

 

 

 


Create Account



Log In Your Account