Jan 05 2017 16:14
Ulviyye Sabirqizi
Views: 1672

Yanvarın 4-dən başlayan geomaqnit həyəcanlaşması bu gün və sabah da hiss olunacaq.

Bu barədə CBC-yə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev açıqlama verib.

Bildirib ki, bu gün Günəşin səthində ləkə və fəallıq qrupları müşahidə edilmir, alışma fəallığı sıfır səviyyəsindədir, amma geomaqnit fəallığı kifayət qədər yüksəkdir. Budəfəki həyəcanlaşmanın səbəbi Günəş səthində mövcud olan “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. Elçin Babayevin sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2-dir. Bu, zəif həyəcanlaşma hesab olunur. Ötən gün isə, Kp indeksi 4-ə çatmışdı. Gün ərzində geomaqnit həyəcanlaşmasının dəyişəcəyi gözlənilir.

Ekspert bildirib ki, geomaqnit vəziyyətin nə qədər gərgin olacağı planetlərarası maqnit sahəsinin istiqaməti ilə yanaşı, Günəş plazma küləyinin sürətindən də asılı olacaq.

Elçin Babayev bildirib ki, sağlam insanlar baş verənlərdən narahat olmaya bilərlər. Amma qış risk qrupuna daxil olan insanlar üçün artmış diskomfort yarana bilər. Bu, xroniki xəstələr, xüsusilə də, ürək-qan-damar xəstəlikəri olan insanlar, ahıl insanlar və azyaşlılarda özünü bir az qabarıq şəkildə büruzə verəcək. Mütəxəssis həkim məsləhəti əsasında profilaktik tədbirlərin görülməsini tövsiyyə edir.
 

 


Create Account



Log In Your Account