Apr 13 2020 10:49
Elshad Aliyev
Views: 86

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə aprelin 10-12-də keçirilən “Global Virtual Hackathon” müsabiqəsi başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə beynəlxalq səviyyədə maraq böyük olub. Belə ki, iştirak üçün “www.hackcov19.com” saytında 5 qitə üzrə 45 ölkədən 600-dən çox müraciət qeydə alınmışdı. Müraciətlərin çoxluğu və təqdim edilən ideyaların maraqlı olduğu nəzərə alınaraq seçilən ideyaların sayı 20-dən 25-ə qaldırılmışdı.

Komandalar “Discord” platforması vasitəsilə sullarını verib, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Komandaların təqdimatları bitdikdən sonra “Global Virtual Hackathon” müsabiqəsinin qalibləri elan olunub.

Birinci yerə Polşadan olan “Crisis Heroes” (“Böhran qəhrəmanları”) komandası layiq görülüb. Bu komanda pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma hazırlayıblar.

İkinci yeri vauçer yolu ilə kiçik və orta biznesə dəstək ideyasını təqdim edən Azərbaycan komandası “Javid-19” tutub. Üçüncü pillədə isə Braziliyanın “Zebrafish” komandası qərarlaşıb. Onlar zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq təklif ediblər.

Birinci yerin qalibinə 5 min ABŞ dolları, ikinci yerin sahibinə 3 min dollar və üçüncü yeri tutana isə 2 min dollar məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.


Create Account



Log In Your Account