May 06 2020 11:46
Elshad Aliyev
Views: 52

Yaxın iki həftə ərzində dünyada bütün neftsaxlama rezervuarları tam dolacaq. "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qənaətə "Goldman Sachs" bankının mütəxəssisləri gəlib.

Bankın proqnozları həm quruda yerləşən saxlama imkanlarını, həm də üzən tankerləri əhatə edir.

Məlumata əsasən, may ayının 1-dən "OPEC+" razılaşması çərçivəsində gündəlik qlobal neft hasilatı 9,7 mln. barel azaldılıb. Buna baxmayaraq, analitiklər bunun kifayət etmədiyini söyləyir.

"Goldman Sachs"ın hesablamalarına görə, may ayının ortalarında tələb 18 mln. barel azalacaq, yəni bazarda müşahidə edilən balanssızlıq (tələb və təklif arasında – red.) aradan qalxmayacaq.

Xatırladaq ki, bu ilin aprel ayında bazarın tarazlaşdırılması məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.


Create Account



Log In Your Account