May 04 2020 14:13
Elshad Aliyev
Views: 57

Gürcüstan hökuməti mayın 5-dən etibarən Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışı açacaq. AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Baş Nazir Georgi Qahariya hökumətin iclasından öncə təşkil olunan brifinqdə deyib.

“Sabahdan başlayaraq Batumi və Kutaisi şəhərlərində hərəkətə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılacaq. Tbilisi və Rustavidə isə müəyyən məhdudiyyətlər qalacaq. Bu, sərhədyanı rayonlardakı epidemioloji vəziyyətlə bağlıdır. Düşünürəm ki, həftənin sonlarına qədər Tbilisi və Rustavi şəhərlərinin açılması məsələsi müsbət həllini tapacaq”, - deyə Georgi Qahariya bildirib.

Ölkədə koronavirusun yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən Tbilisi, Batumi, Kutaisi və Rustavi şəhərlərinə giriş-çıxış qadağan edilib. Bu şəhərlərdə əhalinin ümumi sayı 1,6 milyon nəfərdən çoxdur.

Gürcüstanda pandemiya səbəbindən martın 21-dən mayın 22-dək fövqəladə vəziyyət rejimi tətbiq olunub. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:20-yə olan məlumatına əsasən, ölkədə 593 yoluxma və 9 ölüm faktı qeydə alınıb, 223 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.


Create Account



Log In Your Account