May 19 2020 15:36
Elshad Aliyev
Views: 38

Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Prezident İlham Əliyevin çağırışına qoşularaq qonşu ölkədəki soydaşlarımıza yardım kampaniyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanlı İş Adamları Birliyi müqəddəs Ramazan bayramı ərəfəsində növbəti yardım aksiyası keçirib. Birliyin sədri və üzvləri bu dəfə Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov və Şərqi Gürcüstan Müsəlmanlarının müftisi hacı Yasin Əliyevin iştirakı ilə 200-dən çox aztəminatlı ailəyə bayram sovqatı paylayıb.

Birliyin sədri Nəriman Qurbanov təşkilat adından Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Bu müqəddəs ayda dua və diləklərimizin qəbul olunacağına, Uca Allahın öz mərhəmətini dünyamızdan əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətləri Gürcüstan dövlətinin pandemiyaya qarşı mübarizə kampaniyasına fəal qoşulub, StopCov fonduna xeyli vəsait köçürüb.

Eyni zamanda, AZEBİ və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli, Kaxeti, Şida Kartli bölgələrinə, xüsusilə ağır karantin şəraitində olan Tbilisi, Rustavi, Marneuli, Bolnisi şəhər bələdiyyələrinə aztəminatlı ailələrə paylanılması üçün 1300-dən çox ərzaq paketi təqdim edib.

Təşkilat Ramazan bayramı ərəfəsində daha bir xeyriyyə aksiyası keçirməyi nəzərdə tutub.


Create Account



Log In Your Account