Aug 02 2019 12:42
Ferah Sabirqizi
Views: 205

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında mədəni və tarixi abidələri dağıdır, məhv edir. Çox halda isə nadir tarixi nümunələr üzərində Azərbaycana . ümumiyyətlə müsəlman dünyasına aid olan nişanələri məhv etməklə onları erməniləşdirirlər. Bir sözlə, ermənilərin Azərbaycana qarşı apardığı işğalçı siyasət mədəniyyət sahəsində də özünü göstərir.
 
Ermənilər işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidi də oxşar aqibətlə üzləşib. Ermənilər məscidin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişirlər. İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.
 
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov saytımıza açıqlamasında bildirib ki, “Yuxarı Gövhər ağa” məscidinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hələ xeyli öncə aidiyyəti beynəlxalq təşkilatlara etiraz məktubu göndərib və bu məsələni həmişə diqqət mərkəzində saxlayıb.
 
“Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Biz beynəlxalq ictimaiyyətin Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə biganə qalmasını mümkünsüz sayırıq. Çoxlarına artıq bəllidir ki, işğala məruz qalan ölkə Azərbaycandır. Münaqişə 30 ildir davam edir, ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətindədir. Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan hakimiyyətinin tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirəcəyinə inanır, “Yuxarı Gövhər ağa” məscidinin təmir adı altında tarixi əhəmiyyətini göstərən yazı və lövhələrin sökülərək erməni dilində yazı və lövhə ilə əvəzlənməsinin dərhal dayandırılmasını, Şuşa və Dağlıq Qarabağın digər yerlərində Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmə son qoyulmasını tələb edirik.

Lövhədən “Gövhər ağa” sözü silinib
 
Sədr müavini bildirib ki, 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına salınan Şuşa tarixi şəhərindəki “Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülüb, əvəzində erməni dilində “Qədim tarixi abidə, Yuxarı Məscid 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə asılıb.

“Əvvəlki Azərbaycan dilində üzərində yazı olan lövhədə qeyd olunmuş “Gövhər ağa” sözləri məqsədli şəkildə yeni asılmış lövhədə qeyd edilməyib. Ermənilər bu məscidin farslara aidliyi barədə avantürist addım atmaqdadırlar. Çox təəssüf ki, bu erməni saxtakarlığına qonşu İranda da dəstək verənlər tapılır. Bu tarixi abidənin də Azərbaycan xalqına aid olmadığı iddiaları ortaya çıxır. Bundan bir neçə il əvvəl İrəvan şəhərində 1990-cı ildə ermənilər tərəfindən yandırılmış “Göy Məscid” İran İslam Respublikası tərəfindən təmir edildikdən sonra “Fars məscidi” olaraq qələmə verilib. Bir daha bildiririk ki, bu cür hallar yol verilməzdir və beynəlxalq ictimaiyyət öz mövqeyini bəyan etməlidir.
 
Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi bu cür erməniləşdirmə siyasətinə Milli Məclisin üzvləri də səssiz qalmayıb. Deputat Fəzail İbrahimlinin fikrincə, ermənilər təcavüzkar, işğalçı olsalar da cəzasız siyasi mühitdə yaşayırlar:
 
“Heç bir dövlət tərəfindən işğalçı kimi tanınmayıblar, sanksiyalar tətbiq edilməyib, onların işğalçılıq, vandalizm əməllərinə göz yumulur. Ermənistanın arxasında böyük qüvvələr dayanır və işğal etdikləri əraziləri erməniləşdirmək siyasəti yeridirlər. Azərbaycan dövləti isə buna qarşı etirazını mütləq diqqətə çatdırır.

Siyasi prosedurlar öz yerində, ictimaiyyət də ermənilərin bu əməllərinə etiraz edib, səsini yüksəltməlidir. Biz hətta beynəlxalq qurumlara da narazılığımızı çatdıra bilərik. Media xüsusilə bu məsələdə diqqətli olmalı, hətta hər bir sayt rəhbərləri, media qurumları şəxsi təşəbbüs göstərərək, məsələni gündəmdə saxlamalıdırlar.
 
Deputat Məlahət İbrahimqızı da qeyd edib ki, ermənilər yaşadıqları məkanda onlardan öncə mövcud olan tarixi-mədəni irsi məhv etməyə çalışırlar, erməniləşdirirlər:

“Bu, dünya ictimaiyyətinə məlumdur. 30 ilə yaxın müddətdə Azərbaycanın işğal etdikləri torpaqlarında olan abidələri yandırmaqla, Xocalı soyqırımını törətməklə, torpaqlarımızdan didərgin salınan əhalinin geridə qalan mal-mülkünü talayıb, Azərbaycan torpaqlarından özlərinə fayda götürməklə kifayətlənmirlər. Orada tarixi Azıx mağarası, digər qədim abidələr var, onların bir hissəsini erməniləşdirə bilməyəndə saxtaklarlıq edib, tarixi itirməyə çalışırlar. Ermənistanın işğalçı rejimi, siyasətçiləri, tarixçiləri bilirlər, nəinki onlar başqalarının tarixini saxtalaşdırıblar, hətta hazırda yerləşdikləri Ermənistan dövlətinin ərazisi də özlərinə aid deyil. Qədim türklərin, Azərbaycan dövlətlərinin, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, hətta Manna, Midiya dövründən qalmış abidələrimizi, daş kitabələri erməniləşdirirlər”.

UNESCO reaksiya verməlidir 
 
Müxtəlif ərazilərdə mövcud olan, tarixi mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunduğunu xatırladan M. İbrahimqızı diqqətə çatdırıb ki, bu abidələrə qarşı zorakılıq edilirsə, UNESCO və digər müvafiq beynəlxalq təşkilatlar reaksiya verməlidir:

“Bununla bağlı Erməmistana sanksiyalar tətbiq olunsa məqsədəuyğun olar. Ermənilər yaxşı bilirlər ki, Şuşa məscidinin saxlanması Azərbaycanın o torpaqlarda mövcudiyyəti deməkdir. Ona görə, Azərbaycan tarixinə aid bütün tarixi abidələri, məzarlıqları, məhv edib, erməniləşdirməyə çalışırlar. Onlar işğalçı, təcavüzkar, zorakı missiyalarını sona qədər davam etdirməyi qarşılarına məqsəd qoyublar”.
 
Deputat Fazil Mustafa isə acı reallığı bu cür ifadə edib: “Bununla nə qədər barışmasaq da, torpaqlarımız ermənilərin əlindədir. Biz işğalçıya “abidələrimizi məhv etməyin, onlara qarşı ehtiyatlı davranın” deyə, tövsiyə verəsi deyilik. Ancaq savaş yolu ilə, düşmən tapdağındakı torpaqlarımızı azad etməliyik. Hazırkı vəziyyətdə beynəlxalq qurumlara müraciət edə bilərik ki, hansısa tədbir görülsün. Bizim bu qədər həyəcanlı davranmağımızın əsası yoxdur. Ona qalsa, Kəlbəcərə yol da çəkirlər. Nə qədər etiraz etsək də, ermənilər bunu diqqətə almayacaqlar. Biz ancaq onların başını əzməliyik, torpaqlarımızı geri almalıyıq, göstərməliyik ki, Azərbaycanın torpaqlarını işğal etmək yolverilməzdir. Biz işğala qarşı addım atmalıyıq, bunu edə bilmiriksə, sonralar dağılacaq digər abidələrimizə də kənardan baxmaqla kifayətlənməli olacağıq”.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur.


Create Account



Log In Your Account