Aug 09 2020 16:03
Ferah Sabirqizi
Views: 352

Son günlər koronavirus statistikasında yoluxma sayının sağalma sayından dəfələrlə az olduğunu müşahidə edirik. Lakin çox yox,  1 ay bundan əvvəl rəqəmlər vəziyyətin tam əksini deyirdi. 

Gündəlik yoluxma həddinin 600-ə yaxın olduğu günlərdə, həkim-oftalmoloq Nigar Hüseynova taclı virusla mübarizəyə atılmaq qərarını verir. Onun koronaviruslu xəstələrin müalicəsinə start verdiyi gün 26 iyun tarixinə təsadüf edir. Həmin gün  Azərbaycanda yeni növ koronavirusa yoluxma sayı 547-ə, ölüm sayı isə 6-a çatıb. Artıq 2 gün idi ki, yoluxma həddi 500-ün üzərindəydi. Pulmonoloq, infeksionist, reanimatoloq sayı yeni xəstələnən insanların müalicəsi üçün yetərsizdir və digər profilli həkimlər də prosesə qoşulur. Mərkəzi Neftçilər xəstəxanasında müxtəlif profilli şöbələr sırf koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Pandemiyaya qədər klinikada insanların gözünün nurunu onlara qaytaran həkim, doğma divarlarda yad virusa yoluxan pasientlərin müalicəsi ilə məşğul olmalıdır. 

Növbədəki 12 saat

Hər yeni gün eyni cür başlayır. Nigar xanım qoruyucu kombinezonu, maska və eynəyini geyinir və işinə start verir.  İlk görəcəyi iş növbədən çıxan həkimlərdən bütün məlumatları almaqdır. Məlumat mübadiləsi sağalma və ya ağırlaşma sayına görə günün ən gözəl və ya ən kədərli məqamına çevrilə bilər. Nigar xanım daha sora xəstələri müayinə edərək yeni göstəriciləri qeydə almalıdır. Bu göstəricilərə uyğun olaraq müalicə dəyişə və ya eyni qala bilər. Qarşıda qəhrəmanımızı 12 saatlıq növbə və şöbəyə yerləşdirilən nə az, nə çox 45 xəstənin sağlamlığının keşiyində durmaq gözləyir. 
Nigar xanım deyir ki, ilk günlərdə xəstələrin vəziyyəti kifayət qədər ağır olduğundan eyni anda 4-5 nəfərin  çağırışına qaçmalı olurdu. Yalnız sonrakı günlərdə pasientlərin qızdırması, saturasiyası, təzyiq və digər göstəriciləri norma çərçivəsinə salındığından həkimlər 12 saatlıq növbəsi zamanı yemək üçün vaxt qazana biliblər. 
12 saat ayaqüstə, olduqca narahat kombinezonun içində, bəzən yeməyə belə vaxt tapmadan işləməyə heç də bütün həkimlər razılaşmır, imtina edir. Nigar xanım da imtina edə bilərdi. Amma qəhrəmanım və onun kimi yüzlərlə həkim Hippokrata verdikləri andı və Nazim Hikmətin məşhur misralarını xatırlayır: “Sən yanmasan, mən yanmasam, necə çıxar bu qaranlıqlar aydınlığa...” 

Lap müharibədə olduğu kimi ... 

Nigar xanım deyir ki, ilk günü heç vaxt unutmayacaq. Virus yeni olduğundan müəyyən qorxu hissi var idi.  Lakin işin çoxluğundan bu hiss tezliklə atrofiyaya məruz qalır. Qorxu hissini qidalandıran cığırların qarşısını  45 xəstənin məsuliyyəti anındaca bağlayır. 

Qəhrəmanım  virusla mübarizəni müharibəyə bənzədir. Müharibədə isə bütün üsullar keçərlidir. Buraya vəziyyətin yoxlanılması və buna uyğun göstərişlərin verilməsindən tutmuş, ürək-dirək verməyə qədər hər şey daxildir.  Axı tezliklə müalicə olunacağına inanan pasiyent ən azı 1-0 öndədir. 

Dar profilli həkimlərin hər biri infeksionistlərin rəhbərliyi altında işləyir. Nigar xanım da istisna deyil.  Onun əsas işi xəstələrlə danışmaq, şəkərin, qızdırmanın, təzyiqin qalxdığı zaman uyğun müalicə yazmaq, saturasiyanı yoxlamaq, ağırlaşması olan xəstələrin bəzilərinin rentgendən, bəzilərinin elektrokardioqrafiyadan , bəzilərinin  dializdən keçməsini təmin etməkdir. Bütün bunları etmək üçün lazım olan bilikləri Nigar xanım bütün dar profilli həkimlər kimi tibb universitetində oxuyarkən əldə edib. Həmsöhbətim deyir ki, hər hansı bir məqamda çətinlik yaşasa, infeksionistlərlə məsləhətləşərək fərqli üsul tətbiq edə bilər və bu məsləhət bəzən qızıldan da dəyərli olur. Çünki xəstəxana divarlarında əsas dəyər insan həyatıdır. 

Nigar xanım deyir ki, koronavirusla mübarizənin əsas çətinliyi və oftolmologiyadan fərqi işinin bəhrəsini anındaca görə bilməməkdir. Bəzi oftolmoloji əməliyyatlardan dərhal sonra pasiyent həyat keyfiyyətinin dəyişdiyini görür. Bunu həkim də müşahidə edir. Koronavirus isə tam mənzərəni ortaya qoyur. Müalicənin nəticəsi özünü dərhal bildirmir və bu bizim qəhrəmanı emosional olaraq ən çox yoran məqam idi.

“İnamsızlıq dövrünün” çətinlikləri 

Pandemiyanin ən ağır dönəmi isə insanların koronavirusa inanmadığı dövr idi. Məhz bu inamsızlıq həkimlərin işini əngəlləyən faktorlardan ən başlıcası idi. Koronavirusa inanmayan vətəndaş özünü qorumur, nəticədə yoluxur. Koronavirus yoxdur deyib, ən yaxınlarını yoluxdurur. İnamsızlıq davam edir deyə, yoluxanlar həkimə gec müraciət edir, artıq ağırlaşmaların olduğu məqamda isə bu ağır yük həkimlərin çiyinləri üzərinə düşür. 

Nigar xanım deyir ki, həkimlər istisnasız olaraq bütün xəstələrə özünün ən yaxın insanı kimi davranır. Ən yaxın insanlarını görə bilmək şansını itirərək...  Koronavirusla mübarizə aparan həkim heyəti bir müddət evinə, yaxınlarının yanına gedə bilməz. Çünki yoluxma, yoluxdurma riski həddən artıq ciddidir. Xəstəxana daxilində virusun konsentrasiyası çox olduğundan,  digər həkimlər kimi qəhrəmanim da uzun müddət ailəsindən uzaq qalmalı idi. Nigar xanım valideynləri, 3 övladı və həyat yoldaşından özünü izolə edərək bizim valideynlərimizi, uşaqlarımızı, həyat yoldaşlarımızın sağlamlığının keşiyində dururdu. 

Nigar xanım deyir ki, həkimlərin istəyi boş çarpayı görmək idi. Amma səhər saatlarında sağaldığına görə evə buraxılan insanların yerini az keçməmiş yeni xəstələr tuturdu. Xəstəxanaya yatırılan insanların əksəriyyəti COVİD-19 virusunu kifayət qədər ağır keçirir. Bu xəstələrin demək olar ki, heç bir ortaq nöqtəsi yoxdur, koronavirusa yoluxmalarından başqa... 

Pasiyentlərin bəzisi cavan, bəzisi yaşlı, bəzisi COVİD-19 dan başqa heç bir xəstəliyi olmayan , bəzisi isə sağlamlığında ciddi problemləri olan şəxslərdir. Buna görə də tətbiq olunan müalicələr fərqlidir. Amma koronavirus proqnozları alt-üst etməyi bacarır. Məsələn kifayət qədər ciddi xəstəlikləri, hətta onkologiyası olan bir yaşlı xanımın sağaldığı gün, səhhətində heç bir problem olmayan gəncdə gözlənilmədən  ağırlaşma müşahidə olundu. Odur ki, heç bir dəyişikliyə hazırlıqlı olmaq mümkün deyildi.

Nigar xanımın da itirdiyi xəstələri oldu və bu itkilər onun üçün xəbərlərdə sadəcə dinlədiyimiz statistika deyil. O insanları həkimimiz şəxsən tanıyırdı. Bir neçə dəqiqə öncə burdaydı, ağır da olsa nəfər alırdı. İndi isə yoxdur. Amma o həkimlərin heç birinin kədərlənməyə belə vaxtı yoxdur. Yeni xəstələr daxil olur və onların müalicəsinə indi, bu an, bu saniyə atılmalısan. Əks halda yenə itirə bilərsən. 

İtirdiklərimiz

İtirdiklərimiz arasında Nigar xanımın daha bir həmkarı, koronavirus pandemiyasının ilk günlərindən pasiyentlərin müalicəsi ilə məşğul olan anestezioloq-reanimatoloq Teymur Cəfərov da var. O neçə-neçə insanı koronavirusdan müalicə etsə də, özü elə bu xəstəlikdən də vəfat etdi. 

Bununla da koronavirusun bizdən aldığı həkimlərin sayı 30-u keçib. Yüzlərlə həkim və tibbi personal koronavirusa yoluxub, sağalıb və yenidən qollarını çırmalayaraq bizim üçün mübarizəyə atılıb. 

İnsanları həyata qaytaran “hədiyyə” 

Nigar xanım artıq öz işinə qayıdıb. Öhdəsinə düşən müddətdə koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olandan sonra, adəti üzrə insanların görmə qüsurlarını aradan qaldırmaqla məşğul olur. Nigar xanımın əməliyyatdan sonra pasiyentlərinə təlqin etdiyi maraqlı bir ritual var. Görmə qabiliyyəti geri qaytarılmış insanlar optik eynəklərini maddi durumu zəif olan və eynəyə ehtiyacı olan insanlara hədiyyə edir. Maraqlıdır ki, koronavirusdan sağalanlara da eyni problemdən əziyyət çəkən insanlara "hədiyyə" edə bilər. Bu plazma donorluğudur və ağır vəziyyətdə olan insanlar üçün demək olar ki, yeganə çıxış yoludur. Bu üsulla hər bir sağalmış insan Nigar xanım kimi həkimlərlə çiyin-çiyinə mübarizəyə qoşula bilər. Koronavirus zülmətindən çıxmaq üçün isə Nigar Hüseynova kimi həkimlərin “yanması” azdır. Gərək sən də “yanasan”, mən də!

Sevinc Eminzadə

QEYD: Yazı  “Nar” və TƏBİB-in birlikdə keçirdiyi "Günün qəhrəmanları" mövzusunda müsabiqəyə təqdim olunur. 
 


Create Account



Log In Your Account