May 21 2019 17:50
Ferah Sabirqizi
Views: 279

Aprelin sonunda Rusiyanın xarici  işlər naziri Sergey Lavrov mətbuat konfransında Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi təklifinin tətbiqinə tərəfdar olduğunu bəyan etmişdi. “Rusiya münaqişə zonasında etimadın bərqərar olması üçün əsirlərin “hamının hamıya dəyişdirilməsi”  prinsipinə tərəfdardır” deyən nazir deyir etmişdi ki, bu, etimad mühitinin yaradılmasına kömək edə bilər:

“Biz belə hallarda hər zaman humanitar qərarların tərəfdarıyıq: hərbi əsirlərin, ölənlərin meyitlərinin dəyişdirilməsi lazımdır. Biz hesab edirik ki, bu istər Qarabag, istər Yaxın Şərqdə, istərsə Ukraynanın cənub-şərqindəki  münaqişə zonalarında etimad mühitinin yaranmasına kömək edər”

Buna cavab olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə müsahibəsində həmin təklifin ilk dəfə Azərbaycan tərəfindən səsləndirildiyini xatırladıb. 
 
Əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi münaqişənin həlli prosesində çox müsbət bir addım olardı. Rusiya Xarici İşlər Nazirliyinin  ATƏT Minsk qrupunun həmsədrlərinin əsirlərlə bağlı təkliflər hazırlaması haqqında açılqlamasını şərh edən ekspertlər belə düşünürlər. Onların fikrincə, istənilən müharibə və münaqişədə əsirlərin dəyişdirilməsi tərəflər arasında etimad mühitinin yaradılması baxımından vacibdir. 

Politoloq Arzu Nağıyev CBC-yə açıqlamasında qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında keçirilmiş son görüşündə də müzakirə edilib.

“Rusiyanın verdiyi bəyanat da son görüşlə, humanitar addımların atılması ilə bağlıdır. Rusiya bu açıqlamanı təsadüfən vermir. Burda ATƏT-in Minsk qrupunun ən nüfuzlu dövləti bu prosesləri həyata keçirən dövlət kimi çıxış etməlidir. Yəqin ki,  Rusiya bu məsələdə vasitəçiliyi öz üzərinə götürməyə çalışır. Bu prosesdə dərindən iştirak etsin. Əsas məsələ fikrimcə bundan ibarətdir”. 

Lakin politoloq qeyd edir ki, bu prosesin detalları dəqiqləşdirilməlidir. Əsas məsələlərdən biri əsir və girovların təsnifatının düzgün aparılmasıdır. Buna tam aydınlıq gətirmədən prosesdə irəliyə diğru addım atmaq mümkün deyil.  

“Burda problem ondan ibarətdir ki, kimi əsir, kimin girov olduğunu, kimin sadəcə saxlanılan olmasına aydınlıq gətirmək laımdır. Bu da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə mümkün deyil. Komitə sadəcə əsir-girovlara baş çəkə,  məktub gətirə bilər. Lakin bunun hansı kateqoriyaya daxil olmasını ATƏT-in Minsk qrupunun həımsədrləri müəyyən edə bilər”. 

Rusiyalı ekspert Yevgeni Mixaylov hesab edir ki, münaqişənin həllinə töhfə verəcək istənilən təklif və təşəbbüs müsbət qiymətləndiriliməlidir. Lakin tərəflər özləri də danışıqlarda irəliyə doğru addım atmağa hazır olmalıdırlar.
 
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair istənilən təklifi mən müsbət amil kimi qiymətləndirirəm. Xüsusilə də əsirlərin dəyişdiriməsi təklifini. Bunu danışıqlar prosesində irəliyə doğru addım kimi qəbul etmək olar. Lakin mənim nəsə buna şübhəm var. İstənilən xoşməramlı addımı humanist addım kimi qiymətləndirmək olar. Əgər hər iki tərəf buna getsə, ardını da gətirmək mümkündür”.
 
Politoloq  Elxan Ələsəgrov bildirir ki, əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifini Azərbaycan irəli sürüb.

“Ermənistan o zaman imtina eləmişdi. Çünki bu mövzuda mövqeyi fərqliydi. Ermənistan humanitar məsələlədə doğru davranmadı. Lakin uzunmüddətli müzakirələrdən sonra həmsədrlər də belə fikrə gəldilər ki, Ermənistanda və Azərbaycanda saxlanılan əsirlər və girovar dəyişdirilməlidir”. 
 
Ekspertlər hesab edirlər ki,  Ermənistan danışıqların davam etdirilməsinə tərəfdar olduğunu göstərmək istəyirsə azərbaycanlı girovlar Dilqəm Əsgərovu və Şahbaz Quliyevi də azad etməlidir. Əks halda qarşılıqlı etimad mühitinin yaradılmasından danışmaq mənasız olacaq.  Daha əvvəl Rusiya Xarici İşlər nazirliyi ATƏT Minsk qrupunun həmsədrlərinin əsirlərin dəyişdirilməsi ilə bağlı tərəflərə təkliflər təqdim edəcəyini açıqlayıb.

“Şahbaz və Dilqəmin məsələsinə  gəlincə, aydınlıq gətirilməlidir ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi tanınrsa, bu insanlar öz ərazisində necə hərbi əsir ola bilər? Statusa aydınlıq gətirilməlidir. Bundan sonra proseslər başlaya bilər. Çünki bizdə də hərbi əsir və girov var. Bunların da dəyişdirilməsi baş verə bilər.  Eyni zamanda, hiss etdinizsə, bir neçə gündür atəşkəs rejiminə də müəyyən qədər riayət olunur. Hər gün 20-30 dəfə atəşkəs pozulurdusa, son günlər ara-sıra atışmalarnan yadda qaldı. Bu da öz növbəsində danışıqlar prosesində müəyyən irəliləyişin olması ilə bağlıdır”.

Xatırladaq ki, rəsmi Bakı Ermənistanı dəfələrlə hərbi əsir və girovları “hamının hamıya dəyişdirilməsi” prinsipinə əməl etməyə çağırıb. Lakin qarşı tərəf  Daglıq Qarabagda əsir saxlanılan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun geri verilməsindən imtina edir.

Ötən ilin dekabrında bu məsələ Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı qaldırılmışdı. 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur.


Create Account



Log In Your Account