Nov 05 2019 11:58
Elshad Aliyev
Views: 46

İpoteka və Kredit Zəmanət Fondu ölkə üzrə adi və güzəştli ipoteka kreditlərinə olan real tələbatı öyrənməyib.

APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının İpoteka və Kredit Zəmanət Fondunun 2018-ci il üzrə fəaliyyətinə dair apardığı audit zamanı üzə çıxıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 22.06.2016-cı il tarixli 940 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 4.3 bəndi ilə (İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron  sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir) ipoteka krediti ilə bağlı müraciətlərin qeydiyyata alınması müəyyən edilib.

Hesablama Palatası nəzərə çatdırıb ki, təqdim edilmiş məlumatlar elektron sistemdə qeydiyyatdan keçmiş vətəndaşların müraciətlərini əhatə etmişdir. Lakin sistemə daxil olmaq və qeydiyyata düşmək istəyən və ya (müvafiq limit olmadığı üçün sistem bağlı olduğundan) cəhd edən və qeydiyyata alınmayan vətəndaşların uçotu Fondda müəyyən olunmayıb: “Bu isə öz növbəsində ölkə üzrə adi və güzəştli ipoteka kreditlərinə olan real tələbatın müəyyən olunmadığını əks etdirir”.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə 2018-ci ildə 24 müvəkkil bank üzrə 247 mln. manat məbləğində limit müəyyən edilsə də, 193 965,96 min manat (78,53%) məbləğində, o cümlədən 9 bank üzrə 4-69%, 7 bank üzrə 70-81%, 8 bank üzrə isə 82-99% icra olunub.


Create Account



Log In Your Account