Aug 11 2020 17:34
Elshad Aliyev
Views: 168

Avqustun 11-də bir sıra KİV nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna press-tur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, press-turdan əvvəl Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda mətbuat konfransı keçirilib.

“BOS Şelf” şirkətinin direktor müavini Nazim Hüseynov bildirib ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun təməli ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə qoyulub. SSRİ dövründə ilk belə zavod məhz Azərbaycanda tikilib. 1978-ci ildə təməli qoyulan müəssisənin ilk məhsulu 1984-cü ildə yola salınıb. 1994-cü il sentyabrın 20-də Ulu Öndərin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra da zavod ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib: “SOCAR-ın rəhbərliyi ilə “BOS Şelf” şirkəti artıq 9 dayaq bloku tikərək istifadəyə verib, Qarabağ bloku isə sayca 10-cudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət bizə imkan verir ki, xarici investorlar çəkinmədən neft sektoruna investisiya qoysunlar”.

“Qarabağ” əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Əməliyyat şirkətinin təqribən 1,5 il əvvəl yarandığını söyləyən T.Dadaşov qeyd edib ki, əsas məqsəd Qarabağ yatağının işlənməsi olub.

Onun sözlərinə görə, şirkət öz kollektivini əsasən xarici şirkətlərdə işləmiş peşəkar mütəxəssislərdən təşkil edib. Bununla yanaşı, qurumda neft-qaz sahəsində təhsil almış gənc mütəxəssislər də çalışır.

T.Dadaşov sözügedən layihənin mütəxəssislərimiz üçün çox böyük məktəb olduğunu və burada zəngin təcrübə qazancaqlarına əminliyini ifadə edib.

Diqqətə çatdırıb ki, dayaq blokunun tikilib hazırlanması şirkətin ən böyük uğurlarından biridir. “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la “Equinor” şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50 faiz paya malikdir. Gələcəkdə də mühüm layihələr Norveçin “Equinor” şirkəti ilə həyata keçiriləcək.

Tədbir iştirakçıları Qarabağ platforması ilə bağlı görülən işlərdən, onun texniki-iqtisadi göstəricilərindən və ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən geniş bəhs ediblər.

Sonda jurnalistlərin maraqlı sualları cavablandırılıb.

Mətbuat konfransından sonra jurnalistlər “Qarabağ” dayaq bloku və onun yığıldığı müəssisələrlə tanış olub.

Bildirilib ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. “STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

Qeyd edilib ki, qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Jurnalistlərə məlumat verilib ki, bir ay müddətində dayaq blokunun dənizdə quraşdırılmasına başlanılacaq. Dayaq blokunun quraşdırılması müddəti hava şəraitindən asılı olaraq 200-260 gün nəzərdə tutulur. Daha sonra bloka üst hissə quraşdırılacaq və “Qarabağ” yatağından neft və qaz hasilatı planlaşdırılır. Bu yataqdan çıxarıla biləcək neft 21 milyon tondan çox, qaz isə 13 milyard kubmetr nəzərdə tutulur. Həmçinin platformadan 6 neft, 3 suvarma quyusunun və 2 sualtı qaz quyusunun qazılması planlaşdırılır.

 


Create Account



Log In Your Account