Mar 31 2021 12:08
Elshad Aliyev
Views: 156

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb. Martın 30-da mərkəzin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təqdimatda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülüb, müasir standartlara cavab verən təhsil müəssisələri tikilib, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilib, infrastrukturu yenilənib.

Təhsil naziri qeyd edib ki, yaradılan şərait təhsildə təlim metodlarının tətbiqinə geniş imkanlar açıb. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb. Ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur. Həmçinin təlimə aid metodik vəsaitlər, eləcə də VI və VII sinif dərslik və proqramlar çap olunaraq istifadəyə verilib. Ötən müddət ərzində Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli tam orta məktəblərdə, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına Hərbi Liseydə STEAM kabinələri yaradılıb. Hazırda isə əlavə olaraq 38 məktəbdə STEAM kabinələrinin yaradılmasına başlanılıb.

“STEAM-in tətbiqi təkcə kabinələrin yaradılması və tədris materiallarının çap olunması ilə yekunlaşmayıb, bu sahədə kadrların hazırlanması istiqamətində də tədbirlər həyata keçirilib. Bu günə qədər 60 müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimləri keçirilib”, - deyən Rəhman Məmmədov bildirib ki, muxtar respublikada STEAM üzrə müəllim kadrların hazırlanması STEAM Tədris Mərkəzinin yaradılmasını zəruri edib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi üçün yer ayrılıb və mərkəz ən müasir dizaynda hazırlanmış avadanlıqlarla tam təmin olunub.

Nazir mərkəzin imkanlarından səmərəli istifadə olunması, müəllimlərin STEAM təlimlərə cəlb olunması, təlimlər zamanı STEAM metodologiyaları, robotexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, NANO və NEYRO-texnologiyalar, müxtəlif mühəndislik modullarının müəllimlərə öyrədilməsi ilə bağlı tapşırıqlar verib. Bildirib ki, mərkəz həmçinin innovativ texnologiyalardan istifadə və tətbiqetmə bacarıqlarının şagirdlərdə formalaşdırılması, onların irəli sürdüyü ideyaların reallaşmasına da dəstək göstərəcəkdir.

Rəhman Məmmədov muxtar respublika təhsilində interaktiv təlim metodlarının tətbiqinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsil işçiləri adından minnətdarlığını bildirib.

Sonra mərkəzdə quraşdırılan avadanlıqlara baxış olub. Məlumat verilib ki, mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro: bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, mikro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və materialları ilə tam təmin olunub.

Qeyd edək ki, STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutur. Nəzərə alaq ki, müasir dövr özü ilə bir sıra yeni peşələr formalaşdırır. PUA, dron istifadəçiləri, smartfon texnikləri və digər bu kimi yeni peşələr yaranır. Gələcəkdə analitik düşüncə və innovativlik, kreativlik, emosional intellekt kimi yeni bacarıqlar daha çox lazım olacaq. Ona görə də şagirdlərdə bu bacarıqların formalaşdırılması olduqca vacibdir. Onlar yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün hazır olmalıdırlar. STEAM şagirdlərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə bacarıqlarını inkişaf etdirir.

 


Create Account



Log In Your Account