Apr 14 2020 18:09
Elshad Aliyev
Views: 162

Həkimlər Böyük Britaniyanın Baş Naziri Boris Consona hələlik işə çıxmağı tövsiyə etmir.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin ofisi məlumat yayıb.

Bildirilib ki, B. Conson Çekuersdə Baş Nazirə məxsus iqamətgahda müalicəsini davam etdirir.

Qeyd olunub ki, B. Conson qərar qəbuletmə prosesində iştirak etmir, telefonla danışmır və dövlət sənədlərini qəbul etmir.

B. Consonun sözçüsü isə vurğulayıb ki, Baş Nazirin səhhəti yaxşılaşır, həkimlər ona hələlik işə çıxmağı tövsiyə etmir.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib.

Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında Boris Conson reanimasiyadan palataya köçürülüb. Aprelin 12-də isə o, xəstəxanadan evə buraxılıb.


Create Account



Log In Your Account