Aug 14 2020 17:30
Elshad Aliyev
Views: 254

Gürcüstanın “newsday.ge” informasiya agentliyi və “geotimes.com.ge” xəbər portalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a verdiyi “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” adlı şərhini yayıb.

AZƏRTAC xəbər verir ki, ingilis dilində yayılan materialda H.Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı fikirləri yer alıb.

Prezidentin köməkçisi qeyd edib ki, ümumiyyətlə, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir. Adətən belə sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmişin girovluğundan qurtula bilməyib və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə verib.

Qeyd edilir ki, strategiya adlı sənəddə şovinist, ksenofob və irqçi dəyərlərin təbliği olunduğu dərhal sezilir. Erməni xalqının böyüklüyü, onun digər xalqlardan üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Ermənistanın baş naziri Vahan Teryanın şerindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılayır. Əslində, Strategiyanın bütün məğzi “Babil bizim düşmənimiz idi. Bəs indi haradadır? Səhralarla örtülüb” sitatında cəmləşib. Bu düşüncə sahiblərinin Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan terrorçulardan heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin “Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam aydın olur.


Create Account



Log In Your Account