Jan 10 2017 11:23
Ulviyye Sabirqizi
Views: 218

ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıblar.

Bu barədə Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarından olan vasitəçilərin bəyanatında deyilir.

İqor Popov, Stefan Viskonti və Riçard Hoqland 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin meyitinin vətəninə qaytarılmasını tələb ediblər.

“Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir”.

Həmsədrlərin bəyanatında belə deyilir. Vasitəçilər Ermənistan və Azərbaycanı Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırıblar.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgərin meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə və ATƏT-in Minsk Qrupuna rəsmi müraciət edib. Ermənistanın rəsmi orqanları isə indiyədək əsgərin meyitini geri qaytarmaq istəmir. Və kobud şəkildə beynəlxalq humanitar hüququn tələblərini pozmaqda davam edir.

Beynəlxalq Qızıl Xaç Komitəsindən verilən məlumata görə, Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqlar davam etdirilir. Komitə münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və məsələni yaxından izləyir: Beynəlxalq Qızıl Xaç Komitəsi aparılan dialoqun məzmununu ictimaiyyətə açıqlamır.

 


Create Account



Log In Your Account