Apr 10 2021 11:20
Elshad Aliyev
Views: 146

Hindistanda ötən sutka ərzindƏ COVID-19 infeksiyasına 145 min 384 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən gün Hindistanda son həftə ərzində 100 mindən çox yoluxmanın aşkarlandığı 5-ci sutka, antirekordun qeydə alındığı ardıcıl 4-cü sutkadır. Ötən gün dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb.

Bildirilir ki, ötən sutka Hindistanda virus səbəbindən 794 ölüm qeydə alınıb. İndiyədək ölkədə 13 milyon 205 min yoluxma, 168 min 436 ölüm qeydə alınıb. Aktiv xəstələrin sayı bir milyonu ötüb.

Yoluxmalar ən çox Maharaştra ştatında aşkarlanıb. Həmin ştatda, paytaxt Dehlidə və bir neçə regionda sərt karantin tədbirləri, o cümlədən komendant saatı, istirahət günlərində isə tam qapanma tətbiq olunur.

Hindistanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhalinin vaksinasiyası da davam edir. İndiyədək 98 min nəfərə peyvənd vurulub.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra üçüncüdür. Hindistanda virusa yoluxanların ümumi sayı ötən il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb.


Create Account



Log In Your Account